F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda yazıçıların, rəssam və tərcüməçilərin müasir uşaq ədəbiyyatı  problemlərinə diqqətini artırmaq, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Beynəlxalq Uşaq Kitabı Şurasında təmsilçilik, həmçinin İBBY-nin müxtəlif ölkələrdəki üzv-təşkilatları ilə sıx əlaqə yaratmağa imkan verir.

İBBY İran təşkilatından Respublika Uşaq Kitabxanasına daxil olan məlumata görə, təşkilatın əməkdaşı, yazar, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi  Azərbaycan Yazıçılar Birliyinin üzvü Elvira Məmmədovanın “Zibilqabının arzusu”  hekayəsini fars dilinə tərcümə edib. Əsər 2021-ci ilin may ayında Tehranda fəaliyyət göstərən “Hamşəhri” nəşriyyatının “Bəççeha” jurnalının 221-ci sayında dərc olunub.