“Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq vasitəsilə mümkünlüyünü insanlara izah etmək olmalıdır”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin belə bir aktual mövzuda müzakirələr təşkil etməsi təqdirəlayiqdir. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aparıcı qurumlarından birinə çevrilib. Onun fəaliyyəti dünyada sülhün, sabitliyin və ədalətin təmin olunmasına yönəlib. Təşkilatın bu dəyərlərin təşviq olunması baxımından zəngin təcrübəsi var.

Prezident İlham Əliyev bu sözləri mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə söyləyib.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra regionda yeni reallıq yaranıb. Bu baxımdan bugünkü müzakirələrin mövzusu çox aktualdır.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir.

“Noyabr Bəyanatından sonra bir çox addımlar atdıq və göstərdik ki, biz əməkdaşlıq etmək istəyirik. Biz humanitar sahədə addımlar ataraq müharibədən sonra münaqişə zonasında qalan Ermənistan vətəndaşlarını vətənlərinə geri göndərdik”, – deyən Azərbaycan Prezidenti bildirib ki, Ermənistan isə müharibə bitəndən sonra minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.

Prezident onu da diqqətə çatdırıb ki, Azərbaycan öz ərazisi ilə Rusiyadan Ermənistana qazın tədarükünə icazə verib: “Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər. Biz Zəngəzur dəhlizinin açılmasını təklif etmişik və düşünürəm ki, bu proses çətin olsa da, artıq işə başlamışıq”.

“Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır”, - deyə dövlət başçısı əlavə edib.

Prezident xatırladıb ki, bir neçə ay öncə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı onlardan yeni təkliflər gözlədiyini bildirib: “Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı. Bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həyata keçirirdi.

“Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu, ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bu gün Ermənistan cəmiyyətində revanşist meyillər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir”, - deyə İlham Əliyev vurğulayıb.