Təmsilçimiz də müsabiqənin finalındadır
Niderlandın Rotterdam şəhərində təşkil olunan “Eurovision 2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı mayın 20-də gecə saatlarında keçirilib. Münsiflər və tamaşaçı səsverməsinin nəticəsi olaraq daha 10 iştirakçı müsabiqənin finalına vəsiqə qazanıb.
Mayın 18-də gerçəkləşən ilk yarımfinalda Azərbaycan təmsilçisi Samirə Əfəndi həlledici mərhələyə keçən ilk on ifaçı sırasında yer alıb. Birinci yarımfinal gecəsində Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri də bu hüququ əldə ediblər. Samirə Əfəndinin ifa etdiyi “Mata Hari” mahnısının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir.
Xatırladaq ki, sayca 65-ci “Eurovision” mahnı müsabiqəsi Rotterdam şəhərində ötən il keçirilməli idi, lakin pandemiya səbəbi ilə təxirə salınmışdı. Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək. “Eurovision”un son gecəsində ümumilikdə 26 ölkə təmsilçisinin ifaları təqdim olunacaq. İki yarımfinalda müvəffəqiyyət qazanmış 20 ifaçı sırasına birbaşa final mərhələsində “beş böyük” – “Eurovision”un təsisçiləri olan Almaniya, Fransa, İtaliya, İspaniya, Britaniya və ev sahibi Niderlandın təmsilçiləri qoşulacaq.