Naxçıvan Muxtar Respublikasının məktəbliləri “Tariximizi qoruyaq və yaşadaq” aksiyasında 200-dən çox eksponat toplayıblar.
Bununla bağlı keçirilən tədbirdə qeyd olunub ki, aksiyanın məqsədi tariximizin öyrənilməsi, qorunub yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, gənc nəslə muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır. Bu il də davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlər tərəfindən qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 200-dən çox toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, pul nümunələri və digər məmulatlar toplanıb.
Sonra aksiyada fəal iştirak edənlərə təşəkkürnamələr verilib.
Tədbirin sonunda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub. Qədim maddi mədəniyyət nümunələri, tarixi və bədii əhəmiyyət daşıyan toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri və digər nümunələr muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilib.