Teatrı sevmək, onun üçün böyük arzular bəsləmək və ömrünün sonunadək onun adına sadiq qalmaq heç də hər adama nəsib olmur. Bu dəfə ömrün dolanbaclarından səhnə, teatr sevgisi ilə keçən və bütün sərhədləri teatrla aşan, teatrı elm, bilik sahəsi kimi təbliğ və tərənnüm edən Mahmud Allahverdiyevi xatırlayacağıq.
Gürcüstandan Bakıya aktyor olmaq arzusu ilə gələn, debütündən səhnə üçün axtarılan və böyük ümidlər vəd edən aktyor cizgilərini daşıyan, bütün işıqlı vədlərinə rəğmən səhnəni səhnə arxası, elm, təhsillə, yaradıcılıqla, elmi axtarışlarla əvəzləyən fədakar tədqiqatçı və pedaqoq idi Mahmud müəllim.
İçi mən qarışıq, teatr yazı-pozusu ilə məşğul olanların çoxu onun monoqrafiyalarına, elmi məqalələrinə istinad edir, yaxın keçmişin teatr mənzərəsini, teatr mühitinin vəziyyətini onun resenziyalarından, elmi-publisistik yazılarından ayırd etməyə çalışır.
Bu il Mahmud Allahverdiyevin anadan olmasının 90 illiyidir. Baharda dünyaya göz açan, arzu və istəkləri də bahar suları kimi coşqun olan Mahmud müəllim tənqidçi, ədəbiyyatşünas, sənətşünaslıq doktoru, professor, Yazıçılar Birliyinin üzvü kimi ömrünü Azərbaycan teatrına sərf edib. Onun elmi və pedaqoji fəaliyyəti daim vəhdətdə olub.
Mahmud Qara oğlu Allahverdiyev 1931-ci il mayın 15-də Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində anadan olub. Burada səkkizillik məktəbi, qonşu Faxralı, Arıxlı kəndlərində orta təhsilini bitirdikdən sonra arzularının arxasınca Bakıya üz tutur. Teatr sənətinə böyük marağı olduğundan 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Aktyorluq şöbəsinə qəbul olunur. Səhnə, teatr eşqi ilə alışıb-yanan tələbənin sənət müəllimləri sarıdan da bəxti gətirir. Görkəmli rejissorlar, xalq artistləri Rza Təhmasib, Məhərrəm Haşımov və SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunda aktyorluq sənətinin incəliklərini həvəslə mənimsəyir. Müəllimləri də boy-buxunundan mimikalarına, səs tembrindən emosional təsir imkanlarınadək təpədən-dırnağa aktyor olan bu tələbələrinə böyük ümidlər bəsləyir, əvəzsiz səhnə adamı kimi yetişəcəyinə inanırdılar.
Kurs və diplom tamaşalarından müəllimlərinin yanılmadığını özünəməxsus oyun üslubu ilə təsdiqləməyi bacaran gənc Mahmud Mehdi Məmmədovun kurs rəhbəri kimi hazırladığı “Qaçaqlar” (F.Şiller) tamaşası sayəsində özünün gələcək iş yerini də təyin etmiş olur. 1955-ci ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan bu tamaşadakı Karl Moor rolu ilə diqqəti cəlb edə bilir. 1956-cı ildə institutu bitirir və Akademik Dram Teatrına göndəriş alır. İlk vaxtdan bu teatrın səhnəsində bir neçə tamaşada özünü sınayan aktyor Cabbar Məcnunbəyovun “İliç buxtası”nda Ağsaqqal, Mehdi Hüseynin “Cavanşir”ində Elçin, İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” tamaşasında Vasili kimi maraqlı obrazları ilə teatr ictimaiyyətinin nəzərini üzərinə çəkir. 1962-ci ilədək bu teatrın səhnəsində irili-xırdalı rollar oynayan, dövrünün böyük aktyor və rejissorları ilə çiyin-çiyinə çalışan, teatr haqqında zəngin bilgilərini səhnədə ustalıqla tətbiq edən aktyor səhnənin məşhurluq kimi vədinə rəğmən ondan getməyə qərar verir.
Ömrünü teatrşünaslıq elminə həsr edən Mahmud Allahverdiyev tamaşaların müzakirələri zamanı məntiqli və kəsərli çıxışları ilə seçilir. Bu amil görkəmli sənətşünas-alim Cəfər Cəfərovun diqqətindən yayınmır. Bir müddət sonra Cəfər müəllim onu elmi işə cəlb edir. Beləliklə, teatr səhnəsi istedadlı bir aktyorunu itirir. Azərbaycan sənətşünaslığı isə gələcəyin görkəmli teatrşünas alimini qazanır.
Mahmud Allahverdiyevin milli teatrımızın tarixi və nəzəriyyə sahəsində apardığı səmərəli tədqiqat işləri sənətşünaslıq elmində özünə layiqli yer tutur. Onun fundamental elmi əsərləri bu gün də tədqiqatçıların, tələbələrin, sənətsevərlərin stolüstü kitabı olaraq qalmaqdadır. “Azərbaycan xalq teatrı tarixi”, “Ələsgər Ələkbərov”, “Mirzağa Əliyevin yaradıcılıq yolu”, “Cəfər Cabbarlı və müasirlik”, “Qaravəlli tamaşaları”, “Azərbaycan teatrı bu gün”, “Müasir Azərbaycan teatrında ənənə və novatorluq məsələləri”, “Teatr tənqidi və müasirlik” kimi əsərlər Mahmud Allahverdiyevə alim şöhrəti qazandırıb. O, elmi əsərlərində milli teatrımızın ayrı-ayrı dövrlərini fərqli istiqamətlərdə təhlil edib. Alim eyni zamanda məqalələrində müasir teatr və tamaşaçı mövzusuna da geniş yer verib. Fərqli arqumentlərlə teatrın zaman və məkan müstəvisində qarşıya qoyduğu məqsədlər və ona reaksiyasını maraqlı detallarla diqqətə çatdırıb.
Uzun illər ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olan Mahmud Allahverdiyev sıravi müəllimlikdən professor səviyyəsinə yüksəlib, həmkarlarının və tələbələrin rəğbətini qazanıb. Müxtəlif vaxtlarda həmin universitetdə kafedra müdiri, dekan, və prorektor vəzifələrində çalışıb. Bir müddət Türkiyənin məşhur Memar Sinan Universitetində də dərs deyən alimin Azərbaycan teatrına həsr etdiyi “Sözüm var sizə, gənclər” kitabı qardaş ölkədə türk dilində nəşr olunub.
1999-cu ilin 2 dekabrında, 68 yaşında dünyasını dəyişən yorulmaz teatr təəssübkeşindən bizlərə yadigar qalan dəyərli kitabları və maraqlı məqalələridir. Məhz bu materiallar bir fədakar alim ömrünün, teatr sevdalısı aktyorun boşa keçməyən illərinin xoş xatirəsidir. Həyatı səhnədə keçməsə belə, səhnəni həyatına daşıyan və onun təəssübünü hər şeydən çox çəkən ziyalı, alim ömrünün xatirəsi...
Həmidə NİZAMİQIZI