Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Səhnədən səngərə” adlı yeni layihəyə başlayıb.
Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Onlardan səkkiz nəfər şəhidlik zirvəsinə ucalıb. Layihə çərçivəsində şəhid mədəniyyət işçiləri haqqında videoçarxlar hazırlanır. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə könüllü yollananlar sırasında, sinəsinə sıxdığı doğma tarını anasına əmanət edib, yurdunun torpağına qarışan şəhidimiz Rauf Əliyev də var. “Səhnədən səngərə” layihəsinin ilk buraxılışı Rauf Əliyev haqqındadır.
Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev.
Layihədə Rauf Əliyevin yarım qalmış şərəfli ömür yolundan bəhs edən doğmaları şəhidimizin ürəyində məzara köçən ən böyük arzusundan, Vətən sevdasından, gözü yolda qalan nişanlısından, milli-mənəvi dəyərlərimizə, muğama, tara olan sevgisindən söz açıblar.
Rauf İlyas oğlu Əliyev 1993-cü ilin 11 fevralında Şamaxı şəhərində anadan olub. Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecini tar ixtisası üzrə bitirib. 2012-2014-cü illərdə ordu sıralarında xidmət edib.
2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi işləyirdi. Məktəbdə kollektivin rəğbətini qazanmışdı. Uşaqlarla səmimi ünsiyyət qurmaq bacarığı qısa müddətdə onu şagirdlərinin sevimli müəlliminə çevirmişdi.
Vətən müharibəsinin başlaması ilə o da cəbhəyə yola düşdü, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldı. Sentyabrın 30-da Ağdərə istiqamətində döyüşlərdə şəhid oldu.
Rauf Əliyev doğulub boya-başa çatdığı Şamaxıda dəfn edilib. Qəbri nurla dolsun.