Rusiyanın Sankt-Peterburq şəhərindəki Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərbi-Tarix Muzeyində keçirilən (12-14 may) X Beynəlxalq elmi-praktik konfransda “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi sədrinin birinci müavini, İCOMAM Beynəlxalq Komitəsi İdarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov məruzə ilə çıxış edib.

Pərvin Gözəlov “Xanlıq dövründə dövlətçilik atributlarında İslam rəmzləri” adlı məruzəsində Azərbaycan ərazisində mövcud olmuş xanlıqların dövlət qurumu kimi yaranması və dövlətçilik atributlarına malik olmasından söz açıb. Məruzəçi Azərbaycanın Gəncə, Naxçıvan, Bakı və Şəki xanlıqlarının dövlət və döyüş bayraqlarında İslam rəmzlərinin təsviri ilə bağlı təqdimat keçirərək, izahlı elmi məruzə edib.

Alim məruzəsində Qarabağ xanlığı barədə də danışaraq xanlığın bir dövlət qurumu kimi fəaliyyətində ermənilərin heç bir iştirakının olmadığını sübut edən məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, hətta Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə daxil olduqdan sonra da xanlığa köklü Azərbaycan xanlarının nəslindən nümayəndə təyin olunub və Qarabağ xanı İbrahimxəlil xanın oğlu Mehdiqulu xanın hakimiyyəti Rusiya İmperatoru tərəfindən təsdiq edilib.

Pərvin Gözəlov çıxışında Azərbaycanın zəfəri ilə nəticələnən 44 günlük müharibəyə də toxunub və bildirib ki, 2020-ci ilin 27 sentyabrında cəbhə bölgəsində Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində otuz ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunub.

Məruzə maraqla qarşılanıb, Pərvin Gözəlova muzey tərəfindən təşəkkürnamə təqdim olunub.

Konfransın açılış və plenar iclasında iştirak edən P.Gözəlov qonaqlara Azərbaycanın dövlətçilik tarixinə aid kitablarını – “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixində mənbə kimi” (rus dilində) və “Naxçıvan xanlığına məxsus üç bayraq” (ingilis dilində) adlı nəşrləri təqdim edib. Alim tədbir iştirakçılarının diqqətinə onu da çatdırıb ki, 2015-ci ildə doktorluq dissertasiyasının mövzusu çərçivəsində Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərbi-Tarix Muzeyinin fondlarında tədqiqat apararkən Azərbaycanın dövlətçilik tarixini əyani olaraq sübut edən Naxçıvan xanlığının dövlət, döyüş və müttəfiq bayraqları aşkar edilib. Hazırda bu bayraqlardan ikisi Naxçıvan şəhərindəki Dövlət Bayraq Muzeyində və Xan sarayında Tarix Muzeyində, biri isə Bakı şəhərində Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunur.

P.Gözəlovun “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabında (2016) ilk dəfə (Azərbaycanda) nəşr edilmiş “1809-1817-ci illərdə Gülüstan və Buxarest müqavilələri ilə Cənubi Qafqazın sərhədlərinin hərbi əməliyyatlar xəritəsi” də beynəlxalq hərbi ekspertlərə təqdim edilib. Bu xəritə Cənubi Qafqazda Ermənistan adlı dövlətin olmadığını sübut edən mənbədir.

Azərbaycanlı alim Sankt-Peterburqda məşhur sərkərdə, Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilmiş Aleksandr Nevskinin 800 illiyinə həsr edilmiş sərginin açılış mərasiminə də qatılıb.