Dünya Səyahət və Turizm Şurasının proqnozlarına əsasən, 2010-2018-ci illərdə dünyada turizm sənayesinin illik gəliri 15 trilyon dollar və ya 9 trilyon avroya çatacaq.
2010-cu ildən dünya turizm sənayesində azalma tempi yüksəlişlə əvəz olunaraq, 2018-ci ilədək illik 4,4 faiz sabit artım qeydə alınacaq. Bu dinamika 297 milyon nəfəri işlə təmin etməklə yanaşı, dünya ÜDM-in 10,5 faizinin turizm hesabına formalaşmasına səbəb olacaq.
Şuranın prezidenti Jan Klod Bayarten bəyan edib ki, dolların kursunun qeyri-stabilliyi, yanacağın qiymət artımı və iqlim dəyişikliyi ilə bağlı həyəcanlar üzündən dünya turizm sektorunda yaxın illərdə problemlər yarana bilər. Bu bədbin faktorlara rəğmən, yeni formalaşan bazarlar, inkişaf edən iqtisadiyyatlar hesabına turizm sənayesinin perspektivləri ümidvericidir. Belə ki, ortamüddətli dövrdə inkişaf etməkdə olan ölkələrdə turizm inkişaf etmiş ölkələrə nisbətən daha yüksək sürətlə artacaq.
Fəxriyyə Abdullayeva