Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli ölkələri ekran-efirdə bir araya gətirən layihə həyata keçiriləcək.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihə “Türk dünyası” adlanır. Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək. Materiallar hər bir xalqın öz dilində səsləndiriləcək. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.
Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin digər türkdilli ölkələrin telekanallarında verilməsi də planlaşdırılır.
İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub. Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türk Şurasının Zirvə görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.