Bu və digər ölkəyə xarici turistlərin marağını cəlb etməyin bir yolu da bədii ədəbiyyatdır. Yazıçılar əsərlərində mənsub olduqları xalqın xarakterik olan xüsusiyyətləri, mədəniyyəti, adət-ənənələri, tarixi abidələri və s. barədə ən müxtəlif məlumatları bədii vasitələrlə təsvir edirlər. Bu isə öz növbəsində oxucularda (əcnəbi) həmin ölkəyə maraq oyadır. Nəticədə mədəni turizm növü ilə maraqlanan insanların həmin ölkəyə axınına zəmin yaranır. Azərbaycanda bu baxımdan mövcud vəziyyətlə tanış olmaq üçün mütəxəssislərlə həmsöhbət olduq.
   
   «Ceyran» şeirini eşidib,  Şirvan Milli Parkına gedənlər var
   
   Ədəbiyyat və turizm arasında bağlılığın olduğunu deyən Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanov bildirdi ki, ədəbiyyat insanlarda müəyyən yerlər, hadisələr və s. haqqında poetik təsəvvürü formalaşdırır: «Ədəbiyyat tarixi yer və hadisələri bədii yolla insanlara çatdırır. İnsanlar əsərdə oxuduğu mənzərəni, qalanı, şəlaləni, küçəni və ya döyüş meydanını görmək istəyirlər. Bu baxımdan müxtəlif əsərlər böyük turizm məhsulu ola bilir. Burda digər bir məqam odur ki, ədəbiyyatçıların, yazıçıların ev-muzeyləri və həyat fəaliyyətləri də turizm məhsulu kimi təqdim olunur. Məsələn, Aleksandr Düma marşrutu. Bu mənada qətiyyətlə demək olar ki, ədəbiyyatla turizm arasında böyük əlaqə var. Gərəkdir ki, insanlar əsərləri o qədər sevsinlər və turizm sahəsində çalışanlar da o qədər ədəbiyyatsevər olsunlar ki, buna böyük önəm versinlər. Hər halda, az da olsa bu tip turistlər var. Milli simvollarımızın bədii əsərlərimizdə yetərincə olduğunu söyləməkdə çətinlik çəkirəm. Bu bəlkə də mənim ədəbiyyat sahəsindəki məlumatlılığımın azlığı ilə bağlıdır. Hər halda, ilk düşünəndə ağıla çox şey gəlmir. Amma insanlar «Koroğlu» dastanındakı Çənlibeli görmək istəyirlər. Və ya Azərbaycan tarixinin mühüm hadisələri ilə bağlı olan Gülüstan kəndini, Kürəkçayı görmək istəyirlər. Hər halda, Səməd Vurğunun «Ceyran» şeirini eşidib, Şirvan Milli Parkına getməyin də öz yeri var».
   Ekspert söylədi ki, folklorumuzda, həmçinin sonrakı dövr yazılı ədəbiyyatımızda bu istiqamətli çox şey tapmaq olar: «Bu sahənin tədqiq olunması çox yerinə düşərdi. Amma, təəssüf ki, ədəbiyyatda turizmin yetərincə simvolizə olunduğunu söyləmək çətindir. Azərbaycan ədəbiyyatında səyahətlər, macəra, romantika, yeni tanışlıq, sürprizlər və s. az simvolizə olunub. Avropada populyar olan «Əli və Nino» və ya «Ümbülbanunun xatirələri» əsərlərində abidə və yerdən daha çox Bakı, onun köhnə hissəsi, özünəməxsusluğu göstərilir. Amma hər halda, Azərbaycanda çoxlu abidələr və ya yerlər var ki, bu yerlərin turizm məhsuluna çevrilməsi üçün əsərlər yazıla bilər».
   E.Aslanov qeyd etdi ki, ədəbiyyatımızda Xan sarayı, Şirvanşahlar sarayı və ya qəsrlər, qalalar, o cümlədən Qız qalası bu mənada maraqlı mövzular ola bilər: «Turizm sahəsinin ədəbiyyatda təsviri məsələsində konkret təklif vermək ciddi düşünməyi tələb edir. Amma yuxarıda da qeyd etdiyim kimi, mühüm tarixi hadisələr, tarixi yerlər və ya abidələr ədəbiyyat üçün maraqlı tədqiqat obyekti ola bilər. Misal üçün, Şirvanşahlar sarayı haqqında yazılmış tarixi bir roman bizim bu tarixi abidəyə baxışımızı dəyişə bilər. Onu daha fərqli və gözəl görə bilərik. Fransada Bastilyanın alınmasından bəhs edən onlarla romanlar var ki, onlar həm klassik, həm də alternativ tarixşünaslıq nöqteyi-nəzərindən yazılmışdır. Amma hər birində mühüm bir ştrix, iki gəncin arasında keçən eşq macərası, bir saray məmurunun qabarıq önə çəkilməsi fərqlilik yaradır. İnsanları cəlb edir”.
   
   «Den Braun İçərişəhərdə bir ay yaşasaydı, bu barədə roman yazardı»
   
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin turizm təhsili bölməsinin metodisti Günay Tahirli qeyd edir ki, simvollarla bağlı romanlar yazan və kifayət qədər oxucusu olan Den Braun son əsəri ilə yenə də ajiotaj yaradıb: «Braunun “İtmiş simvollar” adlanan yeni romanı Vaşinqton şəhərində yerləşən memarlıq abidələrinin simvolikasına, tikililərə həkk edilmiş işarələrin gizli məna və mistik qatlarına həsr edilib. Yazıçı öz üslubuna uyğun olaraq əsərin süjet xəttini həm də detektiv istiqamətə yönəldib. Roman çap edildikdən sonra əsərdə təsvir olunan memarlıq abidələrini görməkdən ötrü təkcə bir həftə ərzində 300 min turist Vaşinqtona səfər edib. Hətta şəhərdə fəaliyyət göstərən hotellərdən biri öz qonaqları üçün əsərdə təsvir edilən abidələrə ekskursiya etməyi müştərilərə xidmət siyahısına daxil edib ki, çeşidi çoxaltsın”.
   Memarlıq abidələrimizin ədəbiyyat mövzusuna çevrilməsindən söz açan G.Tahirli deyir: «Biz Bakını tanıyırıq? İçərişəhər haqqında nə bilirik? Yalnız standart ölçülü məlumatlar və sair. Den Braun burada bir ay yaşasa, məlum olar ki, bizim İçərişəhər nə qədər sirr daşıyıcısıdır. Qız qalası haqqında primitiv rəvayətdən başqa heç nə bilmirik. Amma ədəbiyyata nə qadağa var ki, həm elmi fərziyyə, həm real faktların, həm də fantaziyanın hesabına bizə Qız qalasını sözün tam mənasında tanıtsın. Axı bu tarixi abidənin quruluşunun özü elə uzaqdan simvol nişanəsi olduğunu əyani təsdiqləyir. Ədəbiyyat adamının üçüncü gözü var və bu gözdən keçən Qobustan sirləri oxucuda maraq yaradır. Ora necə yerdir ki, ilahə Veneranın təsviri var? Ora necə yerdir ki, Ərəb xilafətinin ordusu da buranı sadəcə ziyarət edərək öz izini daşlarda qoyub. Tarixi bu daşlardan götürüb yazacaq adam lazımdır. Detektiv olsun, melodram, ezoterik olsun-fərq etməz, sadəcə, hadisələr Qobustanın aurasından keçirilsin. Və yaxud Şəkidə yerləşən qədim Kiş qalası. Ədəbiyyatımızın predmetində istifadə edilməli abidələrimiz var. Şəki Xan sarayını tikən ustanın (bu böyüklükdə sarayda bircə mismar belə işlənməyib) söykəndiyi fəlsəfəni, naxışların sirrini ədəbi əsərlərdə, bədii yolla açmaq lazımdır”.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar