Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Gilan-Turizm” MMC-nin təşkilatçılığı ilə avqustun 7-8-də Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı infotur keçirilib. Yerli və xarici turizm şirkətlərinin Qəbələdəki hotel və sanatoriyalarla yaxından tanış olması, onlar arasında əlaqələrin qurulması, xidmətlərin nümayiş etdirilməsi, eləcə də daxili turizmin effektli və davamlı inkişaf etdirilməsi məqsədilə keçirilən infoturun ilk günü “Gilan Holdinq” MMC-nin “Qafqaz Riverside” hotelinin təqdimatı olub. Tədbirdə 50-yə yaxın yerli, eləcə də xarici turizm şirkətinin, 15-dək kütləvi informasiya vasitəsinin nümayəndəsi iştirak edib. 
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizmin inkişafı sektorunun əməkdaşı Cəfər Qarayev bildirib ki, tədbirin keçirilməsi turizm şirkətlərini Qəbələ rayonunda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə yaxından tanış etmək, gələcəkdə daxili və xarici turistlərin rayonda qəbul olunması üçün operativ və keyfiyyətli iş fəaliyyəti göstərmək məqsədi daşıyıb.
   "Qafqaz Riverside" hotelinin baş administratoru Süleyman Məmmədov infoturun əhəmiyyətini vurğulayıb: “Həm xarici, həm də yerli turistlərin qısa bir zamanda hotelimizə maraq göstərməsi əldə olunan uğurlardan biridir. “Gilan-Turizm” olaraq biz turizm sahəsində böyük işlər görmüş qardaş Türkiyədən peşəkar hotelçi heyəti dəvət etmişik. Onlar vaxtaşırı keçirdikləri treninqlərdə burada xidmət səviyyəsinin dünya standartlarına çatdırılmasına çalışırlar”.
   Hotel rəsmisinin sözlərinə görə, "Qafqaz Riverside"də hazırda 350 işçi heyəti fəaliyyət göstərir. Qeyd olunub ki, iyulun 29-da ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı keçirilən beşulduzlu mehmanxananın 16 hektar ərazisi, yüksək standartlara cavab verən 123 nömrəsi və 38 kotteci var. Hoteldə restoran, konfrans zalları, sağlamlıq mərkəzi, sauna, üzgüçülük hovuzu, idman zalı fəaliyyət göstərir. Təqdimatda “Gilan-Turizm” MMC-nin Qəbələdə mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizminin inkişafı sahəsində gördüyü işlərdən, qazanılan uğurlardan, gələcəkdə nəzərdə tutulan tədbirlərdən də bəhs edilib.
   Tədbirin proqramına uyğun olaraq həmin gün şou-proqram keçirilib. Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin işçiləri, turizm şirkətlərinin və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi və “Cümə” məscidi ilə də tanış olublar.
   
   * * *
   2010-cu ilin 6 ayı ərzində Qəbələyə 20 minə yaxın turist gəlib. Bunu Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova rayonun turizm potensialının tanıtdırılması məqsədilə rayonda səfərdə olan jurnalistlərə açıqlamasında bildirib. O, turizm sahəsində Qəbələdə son illər çoxsaylı işlər görüldüyünü diqqətə çatdırıb və bunun da turist axınına səbəb olduğunu qeyd edib: “Digər bölgələrlə yanaşı, Qəbələdə də turizmin inkişafına çox böyük diqqət yetirilir. Yaxın zamanlarda, yəqin ki, yalnız yay mövsümü deyil, qış mövsümündə də daxili və xarici turistləri qəbul edəcəyik. Son 6 ay ərzində Qəbələyə 20 minə yaxın turist gəlib. Onların 5 mini xarici turistlər olub”.