Məlum olduğu kimi, 2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatını Peru yazıçısı Mario Varqas Lyosa qazandı. İsveç Akademiyası yazıçıya mükafatın “hakimiyyət strukturunun kartoqrafiyasi, eləcə də fərdin müqaviməti, üsyanı və məğlubiyyəti ilə bağlı parlaq obrazların yaradılmasına görə” verildiyini açıqlayıb. 
   
   Mükafatı yazıçıya dekabrın 10-da Stokholm şəhərində təşkil ediləcək xüsusi mərasimdə İsveç kralı təqdim edəcək. Mükafatın məbləği isə təxminən 1,5 milyon dollardır. Perulu yazıçı qalib elan edildikdən sonra Nyu-Yorkda keçirdiyi mətbuat konfransında mükafatın onun üçün sürpriz olduğunu qeyd edib.
   Latın Amerikasında müasir ədəbiyyatın tanınmış nümayəndələrindən olan Mario Varqas Lyosa 1936-cı ildə Arekipdə doğulub. Orta təhsilini valideynləri yazıçı dünyaya gəlmədən əvvəl ayrıldığından Boliviyada konsul vəzifəsində çalışan babasının yanında alıb və sonradan təhsilini Leonsio Prado hərbi məktəbində davam etdirib. Ali təhsilini 1953-cü ildə paytaxt San-Markos şəhərində ədəbiyyat və hüquq ixtisası üzrə alıb. Seçimi atası tərəfindən xoş qarşılanmasa da, ədəbi fəaliyyətə başlayıb.
   1958-ci ildə təqaüd qazanaraq Madrid Universitetində fəlsəfə və ədəbiyyat üzrə doktorantura pilləsində təhsilini davam etdirib. Daha sonra Parisə gedərək ispan dili müəllimi kimi çalışıb. Bu illərdə müxtəlif agentliklərin ispan dili şöbəsində jurnalist kimi də fəaliyyət göstərib.
   Ədəbi yaradıcılığını davam etdirən Mario Varqas Lyosa 1967-ci ildə R.Qalyeqos adına beynəlxalq mükafata layiq görülüb. Lyosa Peruda ictimai xadim kimi tanınır. Hətta 1990-cı ildə prezident seçkilərində iştirak edib.
   Mario Varqas Lyosa ədəbiyyata “İnkanın qaçışı” adlı pyesi ilə 1952-ci ildə gəlib. Daha sonra yaradıcılığını hekayələrlə davam edən yazıçı 1963-cü ildə “Şəhər və köpəklər” adlı ilk romanını qələmə alıb. Leonsio Prado hərbi məktəbində baş verənləri əks etdirən roman Perunun bütün hərbçilərinin qəzəbinə tuş gəlib. Böyük qalmaqala səbəb olan kitab Limada nümayişkaranə şəkildə yandırılıb.
   1966-cı ildə yazdığı “Yaşıl ev” romanının əsas mövzusu zorakılıq və özgələşmə ilə bağlıdır. Romanın süjet xətti isə eyni vaxtda baş verən beş hadisə ilə inkişaf edir. Burada yazıçı genişləndirilmiş montaj texnikasından, zaman və məkanın ani əvəzlənməsi kimi ədəbi üsullardan istifadə edir. Yazıçı hadisələrə müxtəlif baxış bucağından yanaşma tərzindən ustalıqla istifadə edir.
   “Kilsədə söhbət” romanında yazıçı Peru cəmiyyətinə xas olan eybəcərliyi qələmə alıb. “Palomino Moleronu kim öldürüb?” povestində Varqas Lyosa dedektiv janrına müraciət edərək gənc müğənninin qətlə yetirilməsi haqqında əhvalat yazıb. Əsərin əhəmiyyəti isə həqiqətin qarışıq sərhədlərini aydınlaşdırmaq cəhdi ilə bağlıdır. Lyosa həmçinin “Kapitan Pantaleon və xeyirxah əməllər rotası”, “Məhşər savaşı”, “Xulia xala və yazıçı” romanlarının, eləcə də fransız yazıçı Qustav Floberin yaradıcılığı haqqında tədqiqatın müəllifidir.
   Son illərdə yazıçının çap olunan əsərləri “Keçinin bayramı” və “Pis qız” romanlarıdır. “Keçinin bayramı” romanı Dominikan Respublikasında hakimiyyətdə olmuş və qətlə yetirilmiş Rafael Truxilyo haqqındadır. Ədəbi mühit tərəfindən maraqla qarşılanan əsər nasirin ən yaxşı romanı kimi qiymətləndirilir. “Pis qız” əsəri Qustav Floberin “Madam Bovari” romanından təsirlənərək yazılıb. Əsər bir qızı dəlicəsinə sevən, lakin sevgisinin qarşılığını görməyən gənc haqqındadır.
   
   Şahbazə Vəliyeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar