Gənc virtuoz skripka ifaçısı, Prezident təqaüdçüsü, Əməkdar artist Elvin Hoca Qəniyev iyunun 1-də tanınmış musiqiçilərlə birgə D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının səhnəsində çıxış edib.

Elvin Hoca Qəniyev türk bəstəkarı Fazıl Sayın skripka və orkestr üçün “Hərəmdə 1001 gecə” adlı konsertini ifa edib.

Filarmoniyanın Akademik simfonik orkestrinin müşayiəti ilə violonçel ifaçısı Xaruma Sato (Yaponiya), pianoçu Daniil Xaritonov (Rusiya) və vokalçı Marina Viotti (İsveçrə) konsertdə çıxış ediblər.

Konsertdən öncə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Elvin Hoca Qəniyevin dünya şöhrətli dirijor, Mariinski Teatrının bədii rəhbəri Valeri Gergiyev ilə görüşünü təşkil edib.

Maestro azərbaycanlı ifaçını dinləyərək ona yüksək qiymət verib. Valeri Gergiyev görkəmli bəstəkarlar Arif Məlikov, Fikrət Əmirov, Qara Qarayev ilə görüşlərini xatırlayıb, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dünyanın ən möhtəşəm balet əsərlərindən biri olduğunu vurğulayıb.

Elvin Hoca Qəniyev gənc violin ifaçılarının K.Lipinski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatı olub, Berlində keçirilən Beynəlxalq musiqi müsabiqəsinin qızıl medalını qazanıb.