Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tanınmış xoreoqraf soydaşımız, Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri Eldar Əliyevi Bakıya dəvət edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, xoreoqraf iyunun 8-dən 17-nə kimi teatrda ustad dərsləri keçəcək. Sənətkar eyni zamanda gələcəkdə teatrın populyar klassik balet tamaşalarının quruluşunu həyata keçirmək məqsədilə balet truppası və solistlərlə tanış olacaq.

Eldar Əliyev Bakıda doğulub, Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirib. 1979-1992-ci illərdə Leninqrad (Sankt-Peterburq) şəhərindəki Kirov adına (indiki Mariinski) Teatrın balet truppasının solisti olub. Bir çox klassik balet tamaşalarında əsas partiyaları uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olub. Bir müddət ABŞ-da çalışıb. 2016-cı ildən Mariinski Teatrı Primosrk səhnəsinin baş baletmeysteridir. 2021-ci ildə Rusiya Federasiyasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.