“Boomerang Label” şirkətinin rəhbəri Nigar Məmmədovanın təşəbbüsü, Orxan Məmmədlinin ideya müəllifliyi və rejissorluğu ilə “Sarı gəlin” xalq mahnısına yeni klip çəkilib.

Layihənin rəhbəri Nigar Məmmədova bu təşəbbüslə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edib və birgə əməkdaşlıq nəticəsində “Sarı gəlin”in yeni tərzdə təqdimatı reallaşıb.

Bənövşə Allahverdiyevanın ifasında hazırlanan “Sarı gəlin” klipində Şərqdə qadının gücü tərənnüm olunur. Göstərilir ki, türk soylarında savaşın ortasına atılan qadın örpəyi qanlı müharibəni dayandırır. Üz-üzə döyüs­̧ə girən əsgərlər örpəyini açıb ayaq altına atan qadına baxmamaq üçün üzlərini geri çevirir və beləliklə, savaş dayanır.

Məzmunda Şirvans­̧ahlar, Ağqoyunlu, Atropatena, Səfəvilər dövlətlərinin güc simvolları, tarixi bayraqları yer alıb. Klipdə Azərbaycan dövlətçiliyinin ənənələri, vətən-torpaq bağlılığı əks olunur.

Müğənni Bənövşə Allahverdiyevanın geyimini Bakı Milli Geyim Evi təqdim edib. Klipdə rol alan aktyorların geyimi rəssam Rüfət Balakişiyevə, qrimi Aytən Hüseynzadəyə aiddir.