Məktəbli olarkən hamımızın bir arzusu olur: şəklim “Şərəf lövhəsi”nə düşsün. Doğrudur, ilk əvvəl bunun gecə-gündüz oxumaq, əziyyət çəkib tədris olunan dərsləri mükəmməl mənimsəməkdən keçdiyinin elə də fərqinə varmırıq. Sadəcə, məktəbin iri dəhlizində, ən nəzərəçarpan yerində məmnun təbəssümləri uzaqdan adama gəl deyən oğlan və qızların şəkillərinə baxıb həvəsə düşürük. Beləcə, biz istəməsək də, yarış, rəqabət başlanır. Təbii, zaman keçdikcə bu arzuda olanların yalnız bir neçəsinin təsviri o lövhələrə hopur. Sonra o lövhələrin də mahiyyəti dəyişir, müqayisədə daha üstün, daha müqəddəs lövhələr, guşələr yaranır. Sinəsi savaş meydanı kimi şırım-şırım olan Vətənin keşiyində mərdliklə duran və onun uğrunda əbədiyyətə yol alan şəhidlərimizin guşələri...
...Vətənimin hər şəhəri, hər kəndi, eli-obası həm də neçə-neçə igid oğluna qucaq açan, onlara əbədi və qürurlu məkan olub bir az da müqəddəsləşən torpaqdır. İstər yeni, müasir, dəbdəbəli binası olan, istərsə də ucqar dağ kəndlərindəki kimi basdırma damlı bir neçə otaq-sinifdən ibarət məktəblər olsun, hər birinin “Şərəf lövhəsi” anlayışını “Şəhid lövhəsi” kimi ayrı bir müqəddəsliyə yetirən guşələri var.
Belə təzim etdiyimiz uca məkanlardan biri də Bakının Binəqədi rayonundakı 30 saylı tam orta məktəbdəki “Şəhid lövhəsi”dir.
Bir zamanlar məzunu olduğum, indi isə övladlarımın təhsil aldığı bu qocaman məktəb Birinci Qarabağ müharibəsinin şəhidi Vahid Əzizovun adını daşıyır. Məktəbin giriş qapısının solunda onun şəklinin və haqqında qısa məlumatın olduğu bir lövhə var. Hər səhər onlarla şagird məğrur baxışlı, çöhrəsində qərib bir hüzn gizlənən şəhidin lövhəsi önündən ötüb dəhlizə keçirdi. Burada onların nəzərləri Vahidin və onun yolunu gedib eyni amal uğrunda şəhadətə ucalan üç məktəb yoldaşının da təsviri önündə dayanırdı.
İndi bu qürur lövhəsində beş igidin şəkli var. Önünə tər qərənfillər düzülən ləyaqət lövhəsində zamana meydan oxuyaraq heç vaxt yaşlanmayan növcavan məzunların sırasına İkinci Qarabağ müharibəsi şəhidi, məğrur gənc, arzu dolu, ilıq, işıqlı Teymurun təsviri də əlavə olunub.
Vətəni bütöv, azad və əmin-amanlıqda görmək üçün o da bir zamanlar qarşısında köks ötürdüyü lövhədəkilərin, ürəkdəkilərin, əbədi səadətdəkilərin yanına yol aldı. Məzunu olduğu məktəbi, orada təhsil verən və alan yüzlərlə müəllimi, şagirdi bir az da qürurlandırdı. Teymur vasitəsilə bir qədər keçmişə qayıdıb, əslində heç vaxt unudulmayan, bizi daim hüzn və qürur qarışıq ayrı bir ovqatla kökləyən 30 saylı məktəbin əziz məzunlarını, müqəddəs şəhidlərimizi yenidən xatırlayaq.
Dediyim kimi, 30 saylı məktəbin ilk şəhidi adı kimi özü də təkrarsız olan Vahiddir. Əzizov Vahid Hüseyn oğlu 1954-cü il yanvarın 30-da Bakıda doğulmuşdu. 1972-ci ildə bu məktəbdən məzun olmuşdu. Hərbi xidmətini (1973-1975) kəşfiyyatçı kimi başa vurmuşdu. 1987-ci ildə Leninqrad (Sankt-Peterburq) Universitetinin Hüquq fakültəsinə daxil olan Vahidin həyat yolu məhz bu tələbəlik dönəmində kökündən dəyişmişdi.
Belə ki, 1989-cu ilin sonlarında, növbəti semestr imtahanlarına yaxın erməni millətindən olan müəlliminin Azərbaycan xalqı haqqında dediyi təhqiramiz sözlərə biganə qalmayıb onunla mübahisə etmişdi. Təbii ki, bu hərəkəti, bu haqq mübarizəsi ona rahatlıq verməmişdi. Nəticədə təhsilini yarıda qoyaraq parlaq gələcəyindən imtina etmişdi...
Vahid həm də gözəl şeirlər yazır, ruhunun dediklərini poeziya ilə bəyan edirmiş. Sonuncu şeiri “Şəhid atası” olmuşdu.
Torpaqlarımızın tapdaq altında qalması, mənfur qonşuların xalqımıza divan tutması yüzlərlə qürurlu Vətən oğlu kimi onu da döyüşə səsləyir. 1992-ci ilin fevralında 38 yaşlı Vahid cəbhəyə yollanır. Mayın 10-da ailəsi ilə sonuncu dəfə görüşərək könüllülərdən ibarət batalyonun tərkibində Füzuliyə yola düşür. Təcrübəli kəşfiyyatçı dəfələrlə uğurlu əməliyyatlarda iştirak edərək düşmənin çoxsaylı itkilər verməsinə nail olur. 1992-ci il mayın 23-də növbəti kəşfiyyatdan qayıdan V.Əzizov komandiri Hicran Zülfiyev ilə birlikdə Qacar kəndi ərazisində yerləşdirilən düşmən tələsinə – minaya düşərək şəhid olur. Son sözləri “Azərbaycan uğrunda, vətən uğrunda şəhid olmağıma sevinirəm” olan Vahid Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Baxışov Ehtiram İbrahim oğlu da bu məktəbin şəhid məzunudur. 1975-ci ildə Bakıda anadan olub, 1982-1992-ci illərdə bu məktəbdə təhsil alıb. 1993-cü ilin oktyabrında o da “Vətən çağırır” deyib cəbhəyə yola düşüb. Daha sonra çavuş rütbəsinə yiyələnib. Hərb sahəsində qalıb torpaqlarımız işğaldan azad olunanadək vuruşmaq istəyib. 1994-cü il yanvarın 23-dən Füzuliyə, qaynar nöqtəyə yollanıb. Vətən sevgisi onu ən çətin döyüş bölgələrinə qədər aparıb çıxarıb. Həmin ilin 16 fevralında Murovdağda itkin düşüb. Nəşi bir müddət sonra – 26 apreldə tapılıb. Müqəddəs Şəhidlər xiyabanında uyuyur.
Bir neçə kəlmə də adı bir zamanlar yaşadığı küçəyə verilən Mustafayev Osman Samulla oğlu haqqında danışaq. 1964-cü il iyunun 28-də Bakı şəhərində anadan olan Osman 1971-1981-ci illərdə bu məktəbdə oxuyub. Binəqədi rayonunda yerləşən 81 saylı Texniki-peşə məktəbində elektrik avadanlıqlarının təmiri ustası peşəsinə yiyələnib. 1982-1985-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi gəmidə xidmət edib, fərqlənmə diplomu ilə təltif edilib. Peşə təhsilini davam etdirmək üçün 1988-ci ildə o vaxtkı Azərbaycan Politexnik Texnikumuna daxil olub. 1991-ci ildən yanğınsöndürən kimi əmək fəaliyyətinə başlayıb.
Həyatını nizama salan, gələcəklə bağlı planlar quran Osmanı torpaqlarımızın işğalı fikri rahat buraxmırdı. Ona görə də heç düşünmədən rayon hərbi komissarlığına yollanaraq könüllü ordu sıralarına yazılır. 1994-cü il yanvarın 9-da Vətəni işğalçılardan azad etmək üçün döyüşə yollanır. Yanvarın 13-də Füzulinin Horadiz qəsəbəsi yaxınlığında düşmən gülləsinə tuş gələrək şəhadətə qovuşur. Bu bir neçə gündə qəhrəmanlıq salnaməsi yazan Osman hər kəsə Vətən üçün ölməyin ən müqəddəs borc olduğunu göstərir.
Fərzəliyev Zakir Emin da düşünmədən torpaq uğrunda canından keçib. 1972-ci ildə Bakı şəhərində anadan olan, 1978-1988-ci illərdə qayğısız şagird illəri yaşayan Zakirin ən böyük arzusu dünyanı gəzmək, fərqli insanları tanımaq idi. Yəqin elə bu arzusuna görə dəmiryolçu peşəsini seçmişdi. Amma müharibə, qan-qadalı illər onun da arzusunun üstündən xətt çəkir. 1992-ci ildən 1994-cü ilədək Qarabağ döyüşlərində igidlik göstərən Zakir də son nəfəsini Murovdağda verir. 1994-cü ilin 22 yanvarında şəhadətə yüksəlir.
Cismi Şəhidlər xiyabanında, ruhu isə Vətən səmasında pərvazlanan Zakir və onun müqəddəs yol yoldaşları indi daha xoşbəxtdirlər. Çünki uğrunda ölümsüzləşdikləri Vətən torpağı azaddır.
Doğrudur, bu elə də asan başa gəlmədi. Yenə yüzlərlə oğul sinəsi dağlı Vətən torpağında əbədi məkan tapdı, minlərlə ata, ana, bacı, qardaş, övlad, yar gözlərində kədər yuva saldı, qəlblər qubar bağladı, həsrətli baxışlar sonsuzluğa dikildi. Sonra yenidən “Dost qəmlənib, düşmən sevinməsin” deyən şəhid doğmalarının “Təki Vətən sağ olsun!” nidası ürəkləri dağa döndərdi.
Bizi qalib ölkənin vətəndaşı kimi sonsuz səadətə yetirən igidlərimizdən biri də yuxarıda adını çəkdiyim Teymurdur. Teymur Tağı oğlu Zeynalov. 28 mart 1993-cü ildə Bakıda anadan olan Teymur 1999-2010-cu illərdə 30 saylı məktəbdə təhsil alıb. Müəllimlərinin sevimlisi idi. Dərslərini yaxşı oxuyur, gələcəklə bağlı böyük planlar qururdu. Özünə daim xüsusi bir tələbkarlıqla yanaşırdı. Ən yaxşı olmaq üçün gecəsini-gündüzə qatırdı. Həyat yolundakı ilk imtahanından da əzmi sayəsində uğurla çıxan Teymur məktəbi əla qiymətlərlə başa vurdu.
2010-cu ildə 640 balla Azərbaycan Dövlət İqtisad Universitetinə (maliyyə ixtisası) qəbul olunur. Universitet dönəmində də dərslərini mükəmməl mənimsəyir, ixtisas sahəsi üzrə əlavə məşğələlərdən də yorulmur. 2014-cü ildə ali təhsilini başa vuran Teymur həqiqi hərbi xidmətə yola düşür. Orada da nümunəvi gənc kimi yaxşı xidmət göstərir. Hərbi xidmətini başa vurduqdan sonra da Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ixtisası üzrə işə başlayır.
Həyat dolu gənc işində də fərqlənir. Gələcəklə bağlı növbəti addımını da atır, sevib-seçdiyi xanımla ailə həyatı qurur, qısa da olsa, xoşbəxtliyin şirinliyini dadır. Həyat gözündə daha gözəl görünməyə başlayır. Axı yaxın zamanda ata olacaq, o da həyatını balalarına həsr edən valideynləri kimi mükəmməl övladlar böyüdəcəkdi.
2020-ci il sentyabrın 27-də oğulları Vətəni qorumaq üçün səsləyən İkinci Qarabağ müharibəsinin başlanması xəbəri onu da arxasınca aparır. Sentyabrın 29-da cəbhəyə yola düşən Teymur oktyabrın 24-dək Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə igidliklə vuruşur.
Azad olunan hər qarış torpaq üçün uşaq kimi sevinən, qarşıdakı zəfəri döyüşə-döyüşə görmək istəyən, düşmənlə canlı sipərin ən ön sırasında dayanan qorxmaz Teymurun böyük ürəyi oktyabrın 24-də əbədi susdu. Çox sevdiyi Vətəni uğrunda şəhadətə ucalan oğulların sırasına o da qoşuldu. Teymur bahar fəslində başlanan ömrünü şəhadətindən sonra – özü kimi baharda (29 mart) dünyaya gələn yadigarına bağışlayıb getdi...
Beləcə, bu beş igidin timsalında minlərlə Vətən oğlu ölümsüzlükləri ilə istər şərəf, istərsə də həyat lövhələrimizdə əbədi iz qoyublar...
Həmidə NİZAMİQIZI