Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən biri olan Ağdam xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif abidələr diyarıdır. Rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidəsi qeydə alınıb.

Bu məlumatlar Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin hazırladığı “Ağdam – Qafqazın Xirosiması” adlı tövsiyə biblioqrafiyasında diqqətə çatdırılır.

Bildirilir ki, Ağdam şəhərində Cümə məscidi, məşhur Çörək muzeyi, Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki XIV əsrin yadigarı – daş abidələr, Papravənddəki Xanoğlu türbəsi, Xaçındərbətli kəndindəki el arasında “Sarı Musa türbəsi” adlanan Xaçındərbətli abidəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Pənahəli xanın imarəti, Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb məhv edilib. Buradakı abidələr müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu maddi-mənəvi sərvət qruplaşdırılaraq “Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilib.

Lakin otuz ilə yaxın davam edən işğal zamanı erməni vandalları tərəfindən bu şəhər o qədər dağıdılıb ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə olunan 55 adda ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ətraflı məlumat verilib.

Oxuculara vəsaitdə verilmiş ədəbiyyatların tam mətni ilə tanış olmaq imkanı da yaradılıb. Vəsaitdə 38 kitab, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materialların linkləri də verilib.

Aşağıdakı link vasitəsi ilə tövsiyə biblioqrafiyası ilə tanış olmaq olar: https://www.clb.az/adam-qafqazn-xirosimas-ruhlar-hri_d3180.html