Tanınmış cazmen, bas-gitaraçı, respublikanın Əməkdar artisti Emil Həsənov vəfat edib.

Emil Həsənov 19 dekabr 1960-cı ildə Bakda anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfində (professor Rasim Abdullayevin sinfi) Simli alətlər fakültəsində təhsil alıb.

1983-cü ildən Xalq artisti, bəstəkar Rafiq Babayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada simfonik orkestrində, 1991-ci ildən “Cəngi” qrupunda çıxış edib. O, eyni zamanda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti kimi fəaliyyət göstərib. 1996-cı ildən Salman Qəmbərovun “Bakustik Caz” qrupunun üzvü olan musiqiçi ölkəmizdə, habelə Rusiya, Almaniya, Fransa və İsveçrədə keçirilən beynəlxalq caz festivallarının iştirakçısı olub.

Əməkdar artistin vəfatı ilə bağlı sosial şəbəkə səhifələrində  paylaşımlar edilib, bu itkidən duyulan kədər dilə gətirilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva: “Azərbaycan cazının veteranı, bas-gitaraçı, Əməkdar artist Emil Həsənov vəfat edib. Sənətçinin ailəsinə, doğmalarına, sənət yoldaşlarına və sənətinin vurğunlarına başsağlığı verir, səbir diləyirəm”.

Bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev: “Fani dünyadan Emil Həsənov da getdi. Az sayda olan bas-gitaraçı. Gözə az görünən, lakin bir çox əsərlərin vazkeçilməz təməli”.

Allah rəhmət eləsin.

Lalə AZƏRİ