Türkiyənin Adana şəhərindəki Çukurova Universiteti Dövlət Konservatoriyasında yeni yaradılmış orkestr salonuna mərhum azərbaycanlı bəstəkar, skripka ifaçısı, Əməkdar artist, professor Fərhəng Hüseynovun adı verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu barədə qərar universitetin senatında qəbul edilib. Təşəbbüsü həmvətənimiz – Çukurova Universiteti Dövlət Konservatoriyasının müdiri, dosent Ülviyyə Aslanova-Gülər irəli sürüb.

Çukurova Universitetində bəstəkarın xatirəsinin əbədiləşdirilməsi təsadüfi deyil. 1992-ci ildən Türkiyədə yaşamış Fərhəng Hüseynov Çukurova Universiteti Dövlət Konservatoriyasının Simli alətlər kafedrasının müdir müavini vəzifəsində çalışıb. Burada yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələrinə skripka ifaçılığının sirlərini öyrədən sənətkar dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərin konsert salonlarında çıxış edib, yerli sənətsevərlərin rəğbətini qazanıb.

Fərhəng Hüseynov 1949-cu ildə anadan olub. 1975-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının İfaçılıq fakültəsini, 1982-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Bəstəkarlıq fakültəsini bitirib. BMA-nın Simli alətlər kafedrasının dosenti olub. Yaponiyada “Böyük İpək Yolu” və ABŞ-da Xose Asunsyon Flores adına beynəlxalq müsabiqələrdə laureat adını qazanıb. Yaponiyadakı müsabiqənin (1991) qalibi kimi “Kodayu” operasını yazıb, simfonik əsərlər müəllifidir. 2010-cu ildə vəfat edib.