Azərbaycan paytaxtında beşinci dəfə “Formula-1” Qran-prisi

İyunun 4-də Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürəcək. Dünyanın ən sürətli avtoyarışı pandemiya səbəbi ilə bağlı birillik aradan sonra yenidən “Bakı Şəhər Halqası”nda (The Baku City Circuit) gerçəkləşəcək. Pandemiya səbəbindən bu dəfə yarış kütləvi tamaşaçı olmadan, habelə şou-əyləncə proqramsız keçiriləcək.

Paytaxtımızda beşinci dəfə keçirilən yarışın ilk günü birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının sərbəst yürüşü ilə başlayacaq. “Formula-1”in 2021-ci il mövsümünün  6-cı sınağında saat 12:30-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər. İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər.

5-6 iyun “Formula-1” Azərbaycan Qran-prisi üçün əsas günlərdir. Şənbə günü “Formula-2”də sprint yarışları, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır.

İyunun 6-da “Formula-2”də yekun yarış təşkil olunacaq. Bundan sonra əsas mübarizəyə hazırlıq başlayacaq. Saat 16:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın sonunda Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər buradan başlayaraq, Qız qalasının yanı, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Bu mərhələyə də, əvvəlki yarışlarda olduğu kimi, 10 komandanın heyətində 20 pilot qatılacaq. “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, “Red Bull”un heyətində Serxio Peres, Maks Ferstappen, “Ferrari”nin heyətində Şarl Lekler, Karlos Sayns, “Alfa Romeo”nun heyətində Kimi Raykkonen, Antonio Covinatsi, “Alfa Tauri-Honda”nın heyətində Pyerr Qasli, Yuki Tsunoda, “Uilyams”ın heyətində Nikolas Latifi, Corc Rassel, “MakLaren”in heyətində Daniel Rikkardo, Lando Norris, “Haas”ın heyətində Nikita Mazepin, Mik Şumaxer, “Aston Martin”in heyətində Sebastyan Fettel, Lens Stroll, “Alpin-Reno”nun heyətində Fernando Alonso və Esteban Okon çıxış edəcək.

Qeyd edək ki, martın 28-də Bəhreyndə start götürən mövsümdə 5 mərhələdən sonra pilotların mübarizəsində 105 xalla “Red Bull”dan Maks Ferstappen liderdir. Onu “Mercedes”in pilotu Luis Hamilton (101 xal) və “MakLaren”in təmsilçisi Lando Norris (56) izləyir. Komanda hesabında isə “Red Bull” 149 xalla birincidir. “Mercedes” 148 xalla ikinci, “MakLaren” 80 xalla üçüncüdür.

Bakıda “Formula 1” Qran-prisi ilk dəfə 2016-cı ildə təşkil edilib. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə yarış dövründə Dənizkənarı bulvar ərazisi şəhər sakinləri üçün açıq olacaq. Sakinlər trek ərazisində yerləşən yeraltı keçidlərdən və həmçinin trekin müəyyən yerlərində quraşdırılan yerüstü keçidlərdən istifadə edə biləcəklər.