İyunun 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

Baş idarədən bildirilib ki, iclasda əsasən 2021/2022-ci tədris ili üzrə şagird qəbulu, musiqi.edu.az portalinda qeydiyyatın aparılması, distant və əyani dərslərin keçirilməsi, məktəblərdə ödənişli təhsil ilə əlaqədar mövcud vəziyyət və problemlər müzakirə edilib.

İclas zamanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva, uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri çıxış ediblər.

İclasın sonunda koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaların uşaq musiqi və incəsənət məktəblərində tətbiqinə daha ciddi nəzarət edilməsi bir daha tövsiyə olunub.

Daha bir videokonfrans Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan mədəniyyət evləri və klub direktorlarının iştirakı ilə keçirilib.

Baş idarənin rəisi Cəlil Məlikov çıxış edərək mədəniyyət evləri və klubların pandemiya dövründəki fəaliyyətinə toxunub və qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.

Sonra mədəniyyət müəssisələrinin direktorları çıxış edərək görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə məlumat veriblər. Müəssisələrin pandemiyadan sonrakı dövrdə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.