Türkiyə ilə Gürcüstan arasında ticarət əlaqələri son 14 ildə ən yüksək səviyyəyə çatıb. Bu xüsusda hədəf ikitərəfli mübadilənin 3 milyard dollara çatmasıdır.

Prezident Rəcəb Tayyib Ərdoğan bu fikri iyunun 1-də Ankarada Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra keçirilən mətbuat konfransında vurğulayıb.

Həyata keçirilən birgə enerji və nəqliyyat layihələrinin əhəmiyyətini yüksək dəyərləndirən Türkiyə Prezidenti bildirib ki, görüşdə terrorçuluqla mübarizə, beynəlxalq inteqrasiya, ərazi bütövlüyü məsələləri müzakirə olunub. Qeyd edib ki, onun ölkəsi Azərbaycan-Gürcüstan-Ermənistan və yaxud Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatlarını dəstəkləyir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili birlikdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrini xatırladaraq əminliklə ifadə edib ki, perspektivdə olan böyük əməkdaşlıq imkanları vardır.

Hər iki lider Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın real nəticələrindən, eləcə də beynəlxalq enerji və nəqliyyat layihələrindən məmnunluqlarını ifadə ediblər.