Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” adlı kitab-kataloqu işıq üzü görüb. Kataloqda yer alan hər bir əsər yüksək bədii dəyərə malik olmaqla mühüm tarixi əhəmiyyət daşıyır.

Komitədən bildirilib ki, “Qarabağnamə – tarixin səhifələri” adlı kitabda əbədi və əzəli torpaqlarımızı, mədəniyyətimizi özündə əks etdirən 45 tabloda rəssam Qarabağın qədim Albaniya dövründən müasir zamanadək – Qarabağ müharibəsi, Xocalı faciəsi, Vətən müharibəsində Zəfərədək bütün tariximizə işıq salıb.

“Qarabağnamə” silsiləsində bütün kompozisiyalar real faktları əks etdirir. Ağ-qara cizgilərlə işlənmiş əsərlərdə, həmçinin bir sıra tarixi şəxsiyyətlərin – məşhur sərkərdələr, xanəndə və aşıqların portretləri, memarlıq abidələri əks olunub.

Kitab-kataloqda rəsm əsərlərinin hər biri haqqında Azərbaycan və ingilis dillərində məlumat xarakterli kiçik mətnlər də verilib.