Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukrayna  paytaxtında, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair razılıq əldə olunub. Bununla bağlı Azərbaycanın Ukraynadakı Səfirliyi ilə Kiyev Milli Universiteti arasında memorandum imzalanıb.

Azərbaycanın dahi şairinin daha bir heykəli isə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda qoyulacaq. Bu məqsədlə Ukraynadakı səfirliyimiz ilə Xarkov Şəhər Şurası arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov imzalayıblar.

Mərasimdən əvvəl çıxış edən İqor Terexov bildirib ki, azərbaycanlı icması Xarkov şəhərində həyata keçirilən bir çox sosial-mədəni əhəmiyyətli layihələrdə fəal iştirak edirlər. Belə layihələrdən biri də Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun müəllifi olduğu Nizami Gəncəvinin abidəsinin ucaldılmasıdır.

“Adları dünya tarixinə qızıl hərflərlə yazılmış insanlar var. Belə şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Şəhərimizdə onun abidəsinin qoyulması bizim üçün əlamətdar bir hadisə olacaq”, – deyən İqor Terexov əlavə edib ki, abidə demək olar ki, hazırdır və sentyabrın 1-dək açılışı gözlənilir.

Səfir Elmira Axundova çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən elan edilən “Nizami Gəncəvi İli”ndə Xarkov şəhərində dahi şairin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın daha bir nümunəsi olacaq: “Bu dəstəyə görə Xarkov Şəhər Şurasına təşəkkürümü bildirirəm. Nizami Gəncəvinin abidəsinin Xarkovda ucaldılması tarixi hadisədir”.

Ukraynanın  Azərbaycanla tərəfdaşlığından danışan səfir vurğulayıb ki, biz bunu Azərbaycanın 44 günlük Vətən müharibəsində də şahidi olduq: “Ukrayna Azərbaycanın haqlı mübarizəsini dəstəklədi, Ukrayna mətbuatı müharibə haqqında obyektiv məlumatlar yaydı”.

Diplomat həmçinin qeyd edib ki, Xarkov və Gəncə şəhərlərinin qardaşlaşması üçün müzakirələr aparılır. Yaxın gələcəkdə bununla bağlı sazişin imzalanması gözlənilir.