İyunun 2-də Azərbaycan Dövlət Tərcümə Mərkəzində Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüş keçirilib.

Görüş zamanı müxtəlif illərdə Azərbaycan dilində nəşr olunmuş çex ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.

Mərkəzin çex ədəbiyyatına və dilinə ayırdığı diqqətdən qürur hissi duyduğunu bildirən səfir deyib: “Çex yazarlarının əsərlərinin mütəmadi olaraq “Xəzər” jurnalının səhifələrində işıqlandırılması, Yaroslav Haşek, Karel Sis, İvan Klima, Milan Kundera kimi görkəmli ədiblərin əsərlərinin Azərbaycan dilinə mükəmməl səviyyədə tərcüməsini və nəşrini təqdirəlayiq hesab edirik. Bu il Praqada işıq üzü görəcək “Azərbaycan ədəbiyyatı antologiyası”nın çex ədəbi mühitinə, ikitərəfli ədəbi-mədəni əlaqələrə çox dəyərli töhfə olacağını düşünürük. Mərkəzlə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsini məqsədəuyğun hesab edirik. Azərbaycanın klassik və müasir ədəbiyyatının çex oxucusuna yaxından tanıdılmasına böyük ehtiyac var”.

Sonda səfirliyin adından Dövlət Tərcümə Mərkəzinə Praqanın qədim memarlığını əks etdirən “Praqa” və “Praqa əfsanələri” kitabları hədiyyə edilib.