Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub. Dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi –AZƏRTAC və Azərbaycan Televiziyası da birgə məlumat yayıb.

Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

Həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananlara şəfa diləyirik.