Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində bir qrup şəxsin minaya düşməsi faktı ilə əlaqədar beynəlxalq təşkilatlara məktub ünvanlayıb.

Baş Prokurorluqdan bildirilib ki, müraciət BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına ünvanlanıb.

Müraciətdə qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

2021-ci il iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtobusun rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 2 media əməkdaşı və 1 dövlət qurumunun əməkdaşı ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Müraciətdə erməni tərəfin işğaldan azad edilmiş ərazilərdə uzun illər ərzində bastırdığı minaların xəritə və sxemlərini təqdim etməməsi Ermənistanın Azərbaycan xalqına qarşı təxribat xarakterli aktların davamı kimi qiymətləndirilir və bu ölkənin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl etməsi tələb edilir. Bildirilir ki, Ermənistanın insanların həyatını xilas edilməsinə  kömək edə biləcək xəritələri və digər zəruri məlumatları təqdim etməkdən imtinası İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqların ciddi şəkildə pozulmasıdır.

Müraciətdə o da diqqətə çatdırılır ki, hərbi əməliyyatların dayandırılması barədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən müddətdə işğaldan azad edilmiş ərazilərdə mina partlamasından 18 mülki şəxsin həlak olub, 24 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokuror beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən törədilmiş cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.

***

Azərbaycan Mətbuat Şurası (MŞ) da hadisə ilə bağlı beynəlxalq media qurumlarına və beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə deyilir:

2021-ci il iyun ayının 4-də Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Daha bir mülki şəxsin həlak olduğu, 4 nəfərin yaralandığı bu hadisə Azərbaycan jurnalistlərində dərin kədərə səbəb olub... Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalistlərin fəaliyyətini məhdudlaşdırır, həm də məcburi köçkünlərin öz yurd yerlərinə geri dönməsini çətinləşdirir. Ermənistan bu xəritələri verməməklə özünün sülhə qarşı çıxan siyasətini davam etdirməkdədir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə başlanılıb. Ermənistanın mina xəritələrini verməməsi xarici jurnalistlərin də həyatına təhlükədir. Çox istərdik ki, jurnalistika sahəsində fəaliyyət göstərən beynəlxalq nüfuzlu qurumlar bununla bağlı öz sərt reaksiyasını bildirsin. Azərbaycan jurnalistlərinin gözləntisi bundan ibarətdir. Bu müraciəti imzalamaqda məqsədimiz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə diqqət çəkməkdir. Bu çağırış missiyasına dəstək bölgədə sülhün, əmin-amanlığın yaradılmasına son dərəcə böyük töhfə ola bilər.

***

Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır.

Bu, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin media mənsublarının Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı yaydığı məlumatda diqqətə çatdırılır.

 “Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır”, - deyə məlumatda bildirilir.

***

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.

“Ermənistan siyasi və hərbi rəhbərliyinin vaxtilə işğal altında saxladıqları bu ərazilərə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələri, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir” – deyə bəyanatda vurğulanır.

Bəyanatda, həmçinin qeyd edilir ki, aidiyyəti beynəlxalq insan hüquqları qurumları baş verən bu insan hüquqları pozuntularına etinasız yanaşmamalı və mandatları çərçivəsində müvafiq addımları atmalıdır: “Bir daha aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edərək, baş verən bu insan hüquqları pozuntusuna etinasız qalmamağa, mandatlarından irəli gələn tələblərə məsuliyyətlə yanaşaraq Ermənistanın siyasi və hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə çağırırıq”.