Bu il dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, ABŞ-ın Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin (1921-2017) anadan olmasının 100 illiyidir. Prezident İlham Əliyev görkəmli alimin yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoyub və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərib, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.

Dövlət başçısının sərəncamına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı elektron məlumat bazası hazırlanıb.

Məlumat bazası “Rəsmi sənədlər”, “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi - Lütfi Zadə”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Əsərləri”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Dünya və universitet kitabxanalarında”, “Lütfi Zadənin sevimli aforizm və zarafatları”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Lutfi-Zade/index.html linkindən istifadə edə bilərlər.