Gəncə Regional mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi dünya ədəbiyyatında” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA-nın Gəncə bölməsi və Gəncə Dövlət Pedaqoji Universiteti də dəstək verdiyi konfransda yerli tədqiqatçılarla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Tacikistan, Gürcüstan və s. ölkələrdən nizamişünas alimlər iştirak ediblər.

Konfransı Gəncə şəhər MKS-nin direktor müavini Fəridə Qədimova açaraq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında söz açıb.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” ilə bağlı görülən işlərdən, Nizami irsinin öyrənilməsinə həsr olunmuş kitablardan, tədqiqatlardan danışıb. Qeyd edib ki, bu işlər təkcə yubiley ilində deyil, gələcəkdə də davam etdiriləcək.

Daha sonra videokonfransda mövzu ilə bağlı məruzələr dinlənilib.