Peru Respublikasının “Radio Filarmonia” kanalında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümünə həsr olunmuş musiqi proqramı yayımlanıb.

Proqramın əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra ölkəmizin Perudakı diplomatik nümayəndəliyinin əməkdaşı Cümhuriyyətin yaranması, inkişaf tarixi və dövlət quruculuğu sahəsindəki nailiyyətləri haqqında dinləyicilərə məlumat verib. Diplomat, həmçinin müasir Azərbaycanın iqtisadi uğurları, ötən il Vətən müharibəsindəki Qələbəsi və azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri haqqında danışıb.

Proqramda həmçinin dinləyicilərə ölkəmizin qədim mədəni mirası, musiqisi, ədəbiyyatı və digər sənət sahələri haqqında məlumat verilib, Prezident İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğu diqqətə çatdırılıb.

28 il sonra işğaldan azad edilən və dövlət başçımızın sərəncamı ilə Azərbaycanın  mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərinin ölkəmizin mədəniyyət tarixindəki müstəsna rolu haqqında da söz açılıb və bu ilin may ayında şəhərdə  "Xarıbülbül" musiqi festivalının keçirildiyi vurğulanıb.

Proqramda Azərbaycanın klassik musiqi nümunələri, müasir bəstəkarlarımızın əsərləri, muğam və caz nömrələri, habelə Azərbaycan və Latın Amerikası musiqiçilərinin birgə ifaları səsləndirilib.