Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan üç nəfər – Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev iyunun 5-də dəfn ediliblər.

Xatırladaq ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi iyunun 4-də səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində üç nəfər həlak olub, 4 nəfər yaralanıb.

Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan AzTV-nin operatoru Sirac Abışov iyunun 5-də Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” (AZTV) QSC-nin sədri Rövşən Məmmədov, AZƏRTAC İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin deputatları, Sumqayıt şəhər və Qubadlı rayon rəhbərliyi, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev şəhidin ailə üzvlərinə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.

Sirac doğulub boya-başa çatdığı Sumqayıt şəhərinin müqəddəs yerində – Şəhidlər xiyabanında dəfn olunub.

***

AZƏRTAC-ın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan müxbiri Məhərrəm İbrahimov iyunun 5-də son mənzilə yola salınıb.

Vida mərasimində iştirak edən Prezidentin köməkçisi Hikmət Hacıyev şəhidin ailə üzvlərinə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.

Dəfn mərasimində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri və yaxınları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə müxbir Məhərrəm İbrahimovun nümunəvi xidməti fəaliyyətindən, vətənpərvərliyindən və işində daim yüksək peşəkarlıq nümayiş etdirməsindən danışılıb. Şəhid jurnalistin ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri və əklillər qoyulub. Şəhid jurnalist Müşfiqabad qəsəbəsində ata-anasının dəfn olduğu qəbiristanlıqda torpağa tapşırılıb.

***

Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyevlə vida mərasimi keçirilib.

Vida mərasimi Göygöl rayonunun Xasabağ kəndində keçirilib. Şəhidin ailə üzvlərinin, yaxınlarının, rəsmi şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdən sonra onun cənazəsi Göygöl rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

Allah bütün şəhidlərə rəhmət eləsin.