Hazırkı vəziyyətinə görə nüvə bombası ilə darmadağın edilən Xirosima şəhərini xatırladan Ağdam bir vaxtlar bol-bəhrəli, bağ-bağatlı, əsrarəngiz təbiəti, özünəməxsus memarlığı ilə tanınırmış.

Ağdamın bir zamanlar zəngin şəhər həyatı olduğunu işğaldan sonrakı mənzərəsindən – uçuq-sökük evlərin, binaların xarabalığından da anlamaq  çətin deyil. Şəhərə yaxınlaşdıqca yolboyu düşmən tərəfindən qurulan müdafiə xətləri – səngərlər, tikanlı məftillər və minalı sahələrin böyüklüyü mənfur qonşumuzun nə qədər qəddar və bəşəri dəyərlərdən uzaq olduğunu bir daha göz önünə gətirir...

İyunun 4-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ağdam şəhərinə media-tur təşkil olunmuşdu. Səfərdə media nümayəndələri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Turizm Agentliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər dövlət qurumlarının əməkdaşları, arxeoloqlar iştirak edirdi.

Media-turun məqsədi işğalçı Ermənistan Respublikasının tarixi abidələrə və mədəni irs obyektlərinə qarşı həyata keçirdiyi dağıntı, vandalizm və mənimsəmə faktlarını bir daha ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Səfər zamanı Ağdam Cümə məscidinə, şəhərdəki Çörək muzeyi, Şahmat evi, Dram teatrının qalıqlarına, eləcə də “İmarət” kompleksi, Şahbulaq qalası və Qiyaslı kəndindəki məscidə baxış keçirildi.

 

“İmarət” kompleksi

 

Şəhər başdan-başa böyük bir xarabalığı xatırladır. Sevindirici məqam da var: Ağdamda artıq tikinti-quruculuq işləri başlanıb...

Ağdama daxil olanda işğal illərində baş vermiş vandalizmi seyr etdikcə düşmənə nifrət hissinin  pik həddə çatdığı məqamda qürur qarışıq qəribə hisslər keçirirsən – gec də olsa, torpaqlarımızı yağı düşməndən xilas etdik. Amma düşmənin çirkin əməllərinin izlərini bu torpaqlardan silmək üçün uzun illər lazım olacaq. Yaddaşımızdan isə bu izlər heç zaman silinməyəcək...

Media-tur iştirakçıları ilk olaraq “İmarət” kompleksini ziyarət etdi. Bir tərəfdə Qarabağın ilk hökmdarı Pənahəli xan, oğlu İmrahimxəlil xan, nəvəsi Mehdiqulu xanın türbələri, eləcə də xan qızı Xurşudbanu Natəvanın məzarı yerləşir. Mənfur düşmən türbələrə ciddi ziyan vurub, Natəvanın məzarını isə tamamilə dağıdıb. Kompleksin bir tərəfində isə xanın divanxanası və dəftərxanası funksiyasını daşıyan tikililər mövcuddur. İşğal illərində düşmən buradan tövlə kimi istifadə edib.

 

Çörək muzeyi, Cümə məscidi və Qiyaslı məscidi

 

Media-turun növbəti dayanacağı köhnə un dəyirmanının yerində yaradılmış Çörək muzeyi oldu. Çörək muzeyi keçmiş SSRİ-də birinci, dünyada isə ikinci belə bir muzey olub. Vaxtilə mədəniyyət abidəsi kimi qorunan muzeydə 2800-ə yaxın eksponat nümayiş olunub. Onun ziyarətçiləri burada qədim əkinçilik alətləri və onların tarixi ilə də tanış olurdular. İndi o muzeydən yarıuçuq divarlar və həmin divarlardakı mozaikanın kiçik bir hissəsi qalıb.

Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən sayılan 150 yaşlı olan Cümə məscidi də erməni vandallığının qurbanı olan məkanlardandır. Memar Kərbəlayı Səfixan Qarabağinin rəhbərliyi ilə inşa edilən Cümə məscidinin indiki görkəmi işğalçıların quldur xislətini bir daha nümayiş etdirir. Məscid binası erməni hərbçiləri tərəfindən keşikçi-müşahidə məntəqəsi kimi istifadə olunduğu üçün “salamat” qalıb. Onun anbar, müxtəlif avadanlıqların və hətta heyvanların saxlanılması yeri kimi istifadə edilməsi barədə də məlumatlar var. Bu həm ümumbəşəri dəyərlərə, həm də beynəlxalq hüquqi sənəd və normalara, xüsusilə də 1954-cü ildə Haaqada qəbul olunmuş silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiyaya ziddir. Hazırda məscidin bərpası və öz ilkin təyinatına qaytarılması gündəmdə əsas məsələ kimi durur.

Qiyaslı məscidi Ağdamda erməni quldurlarının vəhşiliyinə qismən tab gətirən azsaylı tikililərdəndir. Onun da barbarların hədəfinə çevrildiyi, yanğın və dağıntıya məruz qaldığı  açıq-aydın görünür.

Vaxtilə şəhərin gözəgəlimli tikililərindən olmuş Ağdam Dövlət Dram Teatrının, şəhərdəki Şahmat evinin binaları da xarabalığa çevrilib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli tarixi abidələr və mədəni irs obyektlərinə qarşı həyata keçirilmiş vəhşilik haqqında media-tur iştirakçılarına ətraflı məlumat verdi və Ağdamda olan tarixi abidələr haqqında söz açdı: “Ağdam rayonu ərazisində 4-ü dünya əhəmiyyətli olmaqla qeydiyyatda 135 tarix-mədəniyyət abidəsi var. Həmin abidələrin 75-i işğal altında olub. Üzərliktəpə abidəsi, Kəngərlidəki XIV əsrin yadigarı – daş abidələr, Papravənddəki Xanoğlu türbəsi və rayon ərazisində olan milli mədəniyyətimizin qiymətli nümunələrinin bərpası və qorunması üçün də işlər görülür. Onların təxminən yarısında monitorinqlər həyata keçirilib, ilkin inventarlaşdırılması və mühafizəsi ilə əlaqədar tədbirlərin görülməsi üçün müvafiq təhlillər aparılıb”.

Dövlət Xidmətinin rəisi işğalçı Ermənistan tərəfindən, zəbt olunmuş digər ərazilərimizdə olduğu kimi, Ağdamdakı bir sıra tarixi abidə və tikililəri də mənimsəmək, özününküləşdirmək cəhdlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Belə tikililərdən biri də Şahbulaq qalasıdır.

 

Şahbulaq qalası

 

Ağdamda yeganə abad yer, daşı-daş üstündə olan məkan Şahbulaq qalasıdır desək, yanılmarıq. Pənahəli xanın inşa etdirdiyi bu qala vaxtilə Qarabağ xanlığının inzibati mərkəzi olub. Yığcam quruluşlu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilib. Qala divarları və qüllələr müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanıb.

Erməni işğalçılarının əsarəti illərində qalanın ətrafında müəyyən işlər görülüb. Məsələn, bir qədər aralıdakı dərədə, təbii su mənbəyinin yaxınlığında, vaxtilə Ağdam Atçılıq Turizmi Mərkəzinin qalanın memarlıq üslubuna uyğun tikilmiş yığcam binasının qarşısında rəqs meydançası düzəldiblər. Qalanın toxunulmaz qalması isə yəqin ki, buranın yeyib-içmək, kef məclislərinə çevirməsi ilə əlaqədar olub.

 

Ağdamın ağ günləri başlayır...

 

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov həyata keçiriləcək bərpa-quruculuq işləri barədə danışdı: “Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən biri olan Ağdam xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən diyarıdır. Bədxah qonşularımızın törətdiyi vandallıq əməllərinin izləri göz qabağındadır. İndi əsas iş dəyən ziyanın qiymətləndirilməsi və mədəni-tarixi irsin bərpası, yenidən qurulmasıdır. Bunun üçün işlərə başlanılıb və zəruri tədbirlər həyata keçirilir. Ağdam şəhərində böyük bir ərazi minalardan təmizlənib və təmizlənən ərazilərə yaşıl nişanlar qoyulur. Minaların təmizlənməsi işi fasiləsiz olaraq aparılır. Lakin bu proses şəhərdə quruculuq və bərpa işlərinə mane olmayacaq.

Vaxtilə Ağdam rayonunda sənaye, kənd təsərrüfatı, xüsusilə də emal sənayesi daha çox inkişaf edib. Ərazidə çox məhsuldar torpaqlar, əkin sahələri, həmçinin tikinti-inşaat materialları bazarının inkişafı üçün çox münbit şərait var. Ona görə də rayonda sənaye klastrının formalaşması daha düzgün olar. Prezident İlham Əliyev Ağdamda olarkən şəhərdə 190 hektar ərazidə yaradılacaq sənaye parkının təməlini qoydu. Hazırda İqtisadiyyat Nazirliyi və digər müvafiq orqanlarla birlikdə burada fəaliyyət göstərmək istəyən şirkətlərin müraciətlərinə baxılır. Onlara tətbiq olunacaq güzəştlər də müəyyən edilib. Ümumiyyətlə, burada müasir və gözəl bir şəhərin salınması üçün çox böyük imkanlar var. Ağdamın bərpa edilib, müasir şəhərə çevrilməsi iqtisadi baxımdan çox sərfəli fəaliyyət olmaqla yanaşı, həm də bizim üçün şərəf məsələsidir”.

Ermənistan dövləti tərəfindən xarabalığa çevrilən Ağdamda gələcək qaynar şəhər həyatının ilk addımları atılır. Ağdamın yenidən ən gözəl və abad şəhərlərimizdən birinə çevriləcəyinə heç şübhə etmirik...

Fariz HÜSEYNLİ