Turizmdə yüksək xidmət həm də yol nişanlarından, məlumat lövhələrindən başlayır
   
   Azərbaycanda turizmin inkişafında mühüm rol oynayan məsələlərdən biri də infrastrukturun inkişafıdır. İnfrastruktur deyəndə isə yalnız yerləşdirmə yerləri, hotel və restoranlar, həmin obyektlərdə xidmətin səviyyəsi nəzərdə tutulmur. Nəqliyyat infrastrukturunun inkişafı, eləcə də yol kənarlarında yönləndirici nişanların, turistləri məlumatlandıracaq lövhələrin qoyulması da turizmin inkişafını şərtləndirən amillərdəndir. Turizmin inkişaf etdiyi ölkələrin təcrübəsinə nəzər salsaq, bu məsələlərə xüsusi önəm verildiyini görərik. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
   
   Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanov deyir ki, nəqliyyat infrastrukturunun inkişafı istiqamətində ölkəmizdə aparılan tədbirlər təqdirəlayiqdir. Regionlarda yeni yolların çəkilməsi, təmir-bərpası həm xarici, həm də daxili turizmin inkişafına, insanların rahat şəkildə istirahət məkanlarına səfər etməsinə müsbət zəmin yaradır. Amma bu sahədə hələ də problemlər mövcuddur: «Bu problemlərdən birincisi yol nişanları ilə bağlıdır. İkincisi isə yol kənarlarında müasir standartlara uyğun xidmət sektorunun lazımi səviyyədə inkişaf etməməsidir. Turist müəyyən edə bilmir ki, məsələn, Bakıdan Nabrana getmək üçün neçə kilometr məsafə qət edəcək, yolboyu hansı yaşayış məntəqələrindən keçəcək və s. Yol kənarlarında belə məlumatlara rast gəlmirik. Halbuki bu məlumatlar nəinki öz dilimizdə, həmçinin bir neçə əcnəbi dildə də olmalıdır. Bunu turizmin inkişaf etdiyi ölkələrin təcrübəsi də tələb edir. Qonşu Türkiyədə nəinki yaşayış məskənlərinin adları, onların statusu (kənd, rayon, qəsəbə və ya şəhər olması), eyni zamanda əhalisinin sayı haqqında məlumatlar türk və ingilis dillərində öz əksini tapıb».
   Həmsöhbətimiz qeyd edir ki, bu gün dünyada turizmin inkişafı üçün nəqliyyat infrastrukturunda müasir texnologiyalar da geniş tətbiq edilir. Zəruri yol nişanları isə bu işin başlanğıcıdır. Çünki turizmdə yüksək xidmət həm də yol nişanlarından, məlumat lövhələrindən başlayır: «Ümid edirəm ki, müvafiq orqanlar yolların tikintisi ilə paralel olaraq yol nişanlarının qoyulmasını da təmin edəcəklər. Ölkəmizdə naviqasiya sistemlərinin inkişafı sürətlənəcək, bundan və yol nişanlarından istifadə edərək yerli və xarici turistlər istirahət məkanları, yaşayış yerləri, həmin ərazidə yerləşən tarixi mədəniyyət abidələri haqqında geniş məlumat əldə edə biləcəklər. Hələlik isə regionlarımıza etdiyim səfərlər zamanı şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, beynəlxalq marşrutların keçdiyi və yüklərin daşındığı magistral yollarda, xüsusilə də Altıağac, Şabran, Quba, Qusar, Xaçmaz bölgələrinə, həmçinin ölkəmizin cənub və qərb rayonlarına gedən yolların üzərində yol nişanları qənaətbəxş deyil. Bəzən isə müvafiq strukturlarla razılaşdırılmamış şəkildə yol nişanları qoyulur. Yaxud tikinti aparılandan sonra köhnə nişanlar yerində qalır. Bu faktlar da turistlərə bir çox narahatçılıqlar törədir və onların düzgün məlumat almaq imkanları məhdudlaşır».
   E.Aslanovun fikrincə, yol nişanlarının qoyulması Dövlət Yol Polisi İdarəsi ilə Naqliyyat Nazirliyi tərəfindən beynəlxalq yol nişanlarının qoyulması qaydalarına uyğun şəkildə edilməlidir: «Burada hansısa yaşayış yerlərinin adlarının yazılmasından söhbət getmir. Turistləri öncədən məlumatlandıracaq yol nişanlarına ehtiyac var. Məsələn, turizmin inkişaf etdiyi bir çox ölkələrdə bu sistem o qədər oturuşub ki, 15-20 km məsafədən maşındakı CPS sistemi xəbər verir ki, sizi qarşıda tıxac gözləyir, tıxac 10 dəqiqə çəkəcək və s. Təbii ki, bütün bu işlər müxtəlf aidiyyəti qurumların, strukturlarla birgə, əlaqəli çalışmasını zəruri edir. Məsələn, yerlərdə tarixi-mədəniyyət abidələrinin üzərinə müvafiq lövhələrin qoyulması, köhnə məlumatların yeniləri ilə əvəz edilməsi rayonların mədəniyyət və turizm şöbələrinin işidir».
   
   Tarixi-mədəniyyət obyektlərinə yönləndirici lövhələr vurulacaq
   
   «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə bizimlə söhbətində bildirdi ki, yeni tikilən magistral yollarda yol işarələri qoyulur: «Hacıqabul-Kürdəmir, Ucar-Yevlax, Gəncə-Şəmkir, Şəmkir-Qazax yolunda artıq işarələr qoyulub. Bakı-Quba, Bakı-Ələt kimi hazırda tikintisi gedən yollarda isə belə işarələrin qoyulmasına ehtiyac yoxdur». O ki qaldı turistləri məlumatlandıracaq və əcnəbi dillərdə yol nişanlarının qoyulmasına, P.Mürsəliyev bu barədə ancaq mütəxəssislərlə məsləhətləşəndən sonra danışa biləcəyini dedi.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən isə bildirildi ki, bu məsələ nazirliyin diqqətindədir. Bu yaxınlarda nazirlik tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanın 20 adda tarixi-mədəniyyət obyektlərinə xüsusi lövhələr vurulacaq. Bundan əlavə, artıq Azərbaycanda istirahət mərkəzlərini də axtarmaq lazım gəlməyəcək. Həm paytaxtda, həm də bölgələrdə turizm obyektlərinə gedən yollara xüsusi nişanlar qoyulacaq. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar