Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları 24-26 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “KITF” turizm və səyahət sərgisində təqdim olunur.

Mərkəzi Asiyanın aparıcı turizm sərgisindəki milli stenddə ölkəmizi AZAL, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm agentlikləri daxil olmaqla, ümumilikdə 9 sənaye tərəfdaşı təmsil edir. Sərgidə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B (Biznesdən biznesə) görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, milli mətbəxi, adət-ənənələri, mədəni irsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılır.

Ziyarətçilərə Qafqaz dağlarının mənzərəli gəzinti marşrutları, ekoturlar, isti termal bulaqlara səfərlər, Azərbaycanda fəaliyyət göstərən müalicəvi kurortlara turlar daxil olmaqla, yerli turizm təcrübələri təqdim olunur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart dövründə Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayı 16 522 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 135% artımdır.