Xəbər verdiyimiz kimi, COP29 çərçivəsində turizm və iqlim mövzusunda tədbirlər də keçirilib. Noyabrın 19-da COP29-da “Slow Food: yerli aqroməhsullarla dayanıqlı turizmin inkişafı” adlı panel müzakirəsi təşkil edilib.
Azərbaycan Turizm Bürosu idarə heyətinin sədri Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən paneldə kənd təsərrüfatı və turizmin dayanıqlı inkişafa dəstək verən əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.
Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzi Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova Azərbaycanın “Slow Food” təcrübəsi ilə bağlı təqdimatla çıxış edib.
Müzakirə iştirakçıları “Slow Food” hərəkatı və prinsiplərinin dünya turizminə inteqrasiyası, dayanıqlı aqro və qastroturizm modellərinin qurulması, yerli aqroməhsulların turizmə töhfəsi kimi mövzularda təcrübə və təkliflərini bölüşüblər.
Qeyd edək ki, COP29 günləri çərçivəsində Mavi zonada yerləşən Azərbaycan pavilyonunda “Slow Food” haqqında təqdimat keçirilib və qonaqlara Azərbaycanın biomüxtəliflik nümunələri əsasında hazırlanmış qastroturizm məhsulları təqdim olunub.
“Slow Food” (ingiliscə “yavaş yemək”) dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan sağlam qidalanma, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.