Xəbər verdiyimiz kimi, gənc virtuoz skripka ifaçısı, Prezident təqaüdçüsü, Əməkdar artist Elvin Hoca Qəniyev iyunun 1-də tanınmış musiqiçilərlə birgə D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının səhnəsində çıxış edib.

Elvin Hoca Qəniyev türk bəstəkarı Fazıl Sayın skripka və orkestr üçün “Hərəmdə 1001 gecə” adlı konsertini ifa edib.

XXV Beynəlxalq “Musiqili Olimp” Festivalı çərçivəsində reallasan konsertdə violonçel ifaçısı Xaruma Sato (Yaponiya), pianoçu Daniil Xaritonov (Rusiya) və vokalçı Marina Viotti (İsveçrə) də çıxış ediblər.

Sankt-Peterburq Akademik Filarmoniyası Akademik simfonik orkestrinin müşayiəti ilə azərbaycanlı skripkaçının virtuoz ifasını festivalın tamaşaçıları heyranlıqla dinləyiblər.

Azərbaycanın Sabkt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Sankt-Peterburqun incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ifaçının zəngin konsert proqramını böyük maraqla izləyiblər.

Qeyd edək ki, Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Elvin Hoca Qəniyevin dünya şöhrətli dirijor, Mariinski Teatrının bədii rəhbəri Valeri Gergiyev ilə görüşünü də təşkil edib. Maestro azərbaycanlı ifaçını dinləyərək ona yüksək qiymət verib.