İyunun 6-sı Xalq artisti, görkəmli opera müğənnisi, pedaqoq Xuraman Qasımovanın doğum günüdür. Sənətkar 70 illik yubileyini qeyd edir.

Prezident İlham Əliyev iyunun 5-də Xuraman Əkrəm qızı Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xalq artisti Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə yüksək dövlət təltifinə layiq görülüb.

Xuraman Qasımova 1976-cı ildən Akademik Opera və Balet Teatrının solisti olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur. Vokalçı kimi məşhurlaşmasından öncə Azərbaycan tamaşaçısı onu kinoda – “Liftçi qız”, "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərində oynadığı rollarla tanıyıb və rəğbətlə qarşılayıb.

Sənətkarı yubiley münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.