İyunun 8-də Abdulla Şaiqin Mənzil-Muzeyində “Aşıq Ələsgər – 200: poeziya və musiqi” adlı onlayn tədbir keçirilib. Tədbir Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyi haqqında sərəncamına əsasən təşkil edilib.
Onlayn tədbiri açıq elan edən muzeyin direktoru Ülkər Talıbzadə Abdulla Şaiqin aşıq sənəti, xalq yaradıcılığı ilə bağlılığından danışıb. Bildirib ki, tanınmış folklorşünas Hümmət Əlizadə ilk dəfə Aşıq Ələsgərin irsini araşdırıb və onun şeirlərini özünün “Azərbaycan aşıqları” (1929) kitabına daxil edib. Abdulla Şaiq həmin kitaba “Bir neçə söz” adlı müqəddimə yazıb, ustad aşığın yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb.
Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Altun Mikayıllı Aşıq Ələsgər yaradıcılığının, Azərbaycan aşıq sənətinin yüksək dəyərə malik olmasını, sənətkarın əsərlərinin gənc nəslin tərbiyəsində, mənəviyyatının zənginləşməsində əhəmiyyətini vurğulayıb.
Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli “Aşıq Ələsgərin sazlı, avazlı, musiqili misraları”, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə “Aşıq Ələsgər yaradıcılığında Vahid Allah”, institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlunun “Aşıq Ələsgər yaradıcılığında “dağ” obrazı” mövzusunda məruzələri dinlənilib.
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin fond müdiri Aytən Heydərova dahi bəstəkarın Azərbaycanda aşıq musiqisinin ilk tədqiqatçısı olduğunu, öz musiqi yaradıcılığında aşıq sənətindən bəhrələndiyini qeyd edib.
Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Fəridə Məmmədova A.Şaiqin elmi və bədii yaradıcılığında Azərbaycan folkloruna bağlılığına dair təqdimatla çıxış edib.
Xalq artisti Gülyanaq Məmmədova və aşıq Ramin Qarayevin Dədə Ələsgərin sözləri əsasında ifa etdikləri musiqi nömrələri tədbirə rəng qatıb.