Müasir incəsənət sahəsində beynəlxalq layihə

Bakıda müasir incəsənət sahəsində “Peace be upon you (Sülh səninlə olsun) – Salam Aleykum” adlı beynəlxalq layihə həyata keçirilir. Layihə Latviya Respublikasının Azərbaycandakı Səfirliyinin ABŞ, Əfqanıstan, Çex Respublikası, Gürcüstan, Macarıstan, Ukrayna, Türkiyə səfirlikləri ilə əməkdaşlığı, mədəniyyət sahəsində fəaliyyət göstərən Azərbaycanın təşkilat və institutlarının iştirakı ilə reallaşır.

İyunun 7-də keçirilən mətbuat konfransında Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs keçiriləcək tədbirlər barədə məlumat verib.

Bildirib ki, layihə çərçivəsində sülhün qorunması və sülhməramlılıq mövzuları təbliğ olunacaq. Müasir incəsənətin aktuallığı və informasiya texnologiyasının istifadəsi sülh fəallarının səfərbərliyinə və bütün dünyada cəmiyyətin on minlərlə nümayəndələrinin beynəlxalq təhlükəsizlik və sülhün qorunması proseslərinə cəlb olunmasına öz töhfəsini verəcək. Layihənin proqramına sərgilər, film nümayişləri, təqdimatlar, görüşlər, müzakirələr daxildir.

Əfqanıstan Qaçqınları Cəmiyyətinin də layihəyə qoşulduğunu deyən səfir bildirib ki, iyunun 14-də Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində Əfqanıstanda vuruşmuş müharibə veteranlarının iştirakı ilə tədbir keçiriləcək. Tədbirdə məşhur fotojurnalist Rza Diqqətinin Əfqanıstanla bağlı fotoları nümayiş olunacaq.

Eyni zamanda ADA Universitetində “Azərbaycanın Avro-Atlantik sülh və təhlükəsizliyə töhfəsi” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək.

Səfir dünyada sülh proseslərinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Layihənin bədii rəhbəri, Əməkdar rəssam Səbinə Şıxlinskaya tədbirlər proqramında iki fotosərginin nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, sərgilərdən biri iyunun 8-də “Nur Art House” qalereyasında açılıb. Sərgidə ukraynalı fotoqraf Aleksandr Klimenkonun sülh mövzusunda çəkdiyi fotoları təqdim olunur.