Gədəbəy Aşıq Məktəbində ustad sənətkarlarla görüşlərin keçirilməsi ənənə halını alıb. İyunun 4-də keçirilən növbəti belə görüşün qonağı Əməkdar mədəniyyət işçisi, aşıq İmamverdi Mustafayev olub.
Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyevin verdiyi məlumata görə, görüş aşıq sənətinin mötəbər ismi Dədə Ələsgərin 200 illik yubileyinə həsr edilib.
El sənətkarı məktəbin müəllim və şagirdlərinə Aşıq Ələsgərin sazda və sözdəki qüdrətli sənət taleyindən danışıb. Aşıq İmamverdi Mustafayev həmçinin özünün keçdiyi həyat yolundan, sənətin incəliklərindən bəhs edib, şagirdlərin bilgiləri, ifaları ilə bağlı tövsiyələrini verib.
Bu günlərdə Xəzər TV-nin “Ənənə boxçası” verilişini hazırlayan qrup da Gədəbəy Aşıq Məktəbində olub. Məktəbdəki Aşıq sənəti muzeyində çəkilişlər aparılıb, yaxınlıqdakı parkda məktəbin müəllim və şagird heyətinin çalğı və oxu ifaları da lentə alınıb.