Görkəmli coğrafiyaçı-alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov iyunun 7-də, ömrünün 72-ci ilində vəfat edib.
Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirib. 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində elmi fəaliyyətə başlayıb.
1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində işləyib. 1985-ci ildən Azərbaycan SSR EA Geologiya, 1989-cu ildən Coğrafiya İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdi.
R.Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb. Tanınmış alimin xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.
Ramiz Məmmədov iyunun 7-də II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.