Formula 1 Azərbaycan Qran-prisi “Red Bull Racing Honda” komandasının pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb

Xəbər verdiyimiz kimi, 4-6 iyun tarixində Bakıda Formula 1 Azərbaycan Qran-prisi üzrə yarışlar keçirilib. Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsi iyunun 6-da gerçəkləşən əsas yarışla yekunlaşıb.

Açılış mərasiminin konsepsiyası Azərbaycan paytaxtının sayca beşinci Formula 1  yarışına ev sahibliyi etməsinə, eləcə də multikulturalizm və tolerantlıq ideyalarına əsaslanıb.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himnini Vətən müharibəsi qazisi Atəş Qarayev və “Eurovision-2012” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səbinə Babayeva səsləndiriblər. Himn səsləndirilən zaman trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayraqlarını tutublar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanıblar.

Azərbaycan Respublikasının Dövlət Himninin bu mərasim üçün xüsusi versiyası bəstəkar və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb.

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Yarışda hər birində iki pilot olan on komanda mübarizə aparıb. Pilotlar uzunluğu 6 kilometr olan və Bakının tarixi-mədəni məkanların önündən keçən marşrutu – “Bakı şəhər halqası”nı 51 dəfə dövrə (ümumi məsafə 306 kilometr) vurublar.

Formula 1 Azərbaycan Qran-prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi (1:44.703) ilə başa çatıb.

Bakı treki Formula 1 yarışlarında ən sürətli kateqoriyaya daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Finişə ikinci “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettelin  (1:45.138) bolidi gəlib. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

Qaliblərin mükafatlandırılması mərasimində podiumda yer alan pilotlara və Qran-prinin qalibi olan “Red Bull Racing Honda” komandasının nümayəndəsinə kuboklar təqdim edilib.

Qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın dövlət himnləri səsləndirilib.

Bu qələbə sayəsində Serxio Peres Formula 1 üzrə dünya çempionatında pilotların mübarizəsində iki pillə irəliləyərək 69 xalla üçüncü sırada qərarlaşıb.

Ümumilikdə isə 2021-ci il üzrə altı Qran-pridən sonra çempionata 105 xalla “Red Bull Racing Honda” komandasının niderlandlı pilotu Maks Ferstappen liderlik edir. “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton 101 xalla ikincidir. Onun həmyerlisi, “McLaren” komandasının pilotu Lando Norris (66 xal) dördüncü, “Ferrari”nin Monakodan olan pilotu Şarl Lekler (52 xal) isə beşinci sırada yer alıb.

Azərbaycan Qran-prisində podiumda üçüncü pillədə yer alan Pyer Qasli 31 xalla səkkizinci sırada qərarlaşıb. Bakıda üçüncü olan Sebastian Fettel isə 28 xalla 9-cu sıradadır.

Komandalara gəlincə, “Red Bull Racing Honda” komandası Bakı Qran-prisində qələbə sayəsində ikinci sıradakı “Mercedes” ilə xal fərqini 26-ya çatdırıb. Hazırda bu komandanın 174 xalı var. Üçüncü sırada 94 xalla “Ferrari” qərarlaşıb. “McLaren” komandası 92 xalla dördüncü, “AlphaTauri Honda” isə 39 xalla beşincidir.

Formula 1 üzrə dünya çempionatının 2021-ci il mövsümündə növbəti – yeddinci Qran-prisi iyunun 18-20-də Fransada keçiriləcək. Bu ilin sonuncu – 23-cü Qran-prisi isə dekabrın 10-12-də Abu-Dabidə təşkil olunacaq.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda 2016-cı ildən keçirilir. 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə dünya çempionatının bir neçə mərhələsi, o cümlədən Azərbaycan Qran-prisi ləğv edilib.