İyunun 8-də Ankara şəhərində 4-cü Çingiz Aytmatov Beynəlxalq İssık-Göl Forumunun media tanıtımı və forumun bəyannaməsinin imzalanma mərasimi keçirildi.

Tədbirdə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan və Qırğızıstanın Ankaradakı səfiri Kubaniçbek Omuraliyev iştirak edirdilər.

Giriş sözü söyləyən Nadir Alpaslan dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun təşəbbüsü ilə 1986-cı ildə əsası qoyulan İssık-Göl Forumunun dördüncüsünə Ankarada yekun vurulduğunu bildirdi. Qeyd etdi ki, tədbir Türkiyə Prezidentinin himayəsi altında keçirilir: “Bu cür proqramların daha çox keçirilməsini istəyirik. Biz Türkiyə və Mədəniyyət və Turizm Nazirliyi olaraq belə proqramları hər zaman dəstəkləyəcəyik”.

Toplantıya onlayn qatılan tanınmış bəstəkar, yazar, ictimai-siyasi xadim Zülfü Livaneli hələ 1970-ci illərdən tanıdığı Çingiz Aytmatovun pərəstişkarı olduğunu söylədi: “Daha əvvəl təşkil olunmuş forumlarda da iştirak etdim. Forumun qurucuları olaraq Çingiz Aytmatovun və bizim məqsədimiz dünyada davamlı bir sülh və qarşılıqlı anlaşma yaratmaq idi. Biz müxtəlif vasitələrlə bu fikirləri yaymağa çalışdıq”.

Sonra Şərq ilə Qərb arasında Anadolu Mədəniyyət Layihələri Platformasının koordinatoru Ömər Ərdoğan 4-cü Çingiz Aytmatov Beynəlxalq İssık-Göl Forumunun  bəyannaməsini oxudu. Forumun icraiyyə komitəsinin üzvləri sənədi imzaladılar.

Qeyd edək ki, 4-cü Çingiz Aytmatov Beynəlxalq İssık-Göl Forumu 2020-ci il dekabrın 11-də (Aytmatovun doğum günü ərəfəsində) videokonfrans formatında Bişkek şəhərində açılmışdı. Forumun bağlanış mərasimi iyunun 9-da keçirildi.

Mehparə SULTANOVA
Ankara