Gürcüstanın paytaxtında “Türk mədəniyyətindən izlər” adlı fotosərgi açılıb. Sərgi Tbilisi Yunus Əmrə İnstitutu və Gürcüstan Milli Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu cür tədbirlərin ölkələr arasında mədəni əlaqələrin inkişafında və genişlənməsində əhəmiyyətini vurğulayıb. Diplomat ümidvar olduğunu bildirib ki, sərgi böyük həvəslə ziyarət olunacaq. Xüsusilə pandemiya səbəbindən Türkiyəyə səfər edə bilməyənlər üçün sərgi maraqlı olacaq.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında söyləyib ki, sərgidə Türkiyənin zəngin mədəniyyəti təqdim olunur.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən səfir sərginin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.
Mərasimdə Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tsereteli, Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel, Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan koordinatoru Necla Demirdağ, azərbaycanlı, türkiyəli, gürcü gənclər, mədəniyyət xadimləri iştirak ediblər.
İyunun 18-dək davam edəcək sərgidə Türkiyənin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəx nümunələri, məişət əşyaları, türk xalqının adət-ənənələri və memarlıq incilərini əks etdirən 60-dan çox fotoşəkil təqdim olunub.
Fotoşəkillərdə əks olunan nümunələr barədə türk, gürcü və ingilis dillərində məlumatlar da yer alıb.