Noyabrın 23-də “Divani-hikmət” məclisində filologiya elmləri namizədi Vərağa Almasovun Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında çap edilmiş “Həzrəti-Əli aşiqi Füzuli” kitabının təqdimat mərasimi keçirildi. 
      
   İctimai Birliyin sədr müavini, şair Taleh Həmid kitabın məziyyətlərindən danışaraq müəllifin Füzuli irsinin tədqiqi istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi: “Bu, birlik tərəfindən müəllifin çap edilmiş ikinci kitabıdır. Vərağa Almasovun bir müddət əvvəl işıq üzü görmüş “Peyğəmbər aşiqi Füzulu” kitabı MDB ölkələrinin “Kitab mədəniyyəti” sərgisində ikinci yerə layiq görülüb. “Çaşıoğlu” nəşriyyatında yüksək zövq və tərtibatla çap edilmiş “Həzrəti-Əli aşiqi Füzuli” elmi monoqrafiyası isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab füzulisevərlər üçün dəyərli elmi əsərdir”.
   Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev kitabın bəşəriyyətin ən kamil şəxsiyyətləri sırasında ön cərgədə duran Həzrəti-Əlinin misilsiz Füzuli qələmi ilə çəkilmiş bədii portreti haqqında monoqrafiya olduğunu bildirdi: “Əsər Füzuli şeirinin Həzrəti-Əli soraqlı ən parlaq incilərinin təhlili üzərində qurulub, onların başlıca ideya-bədii keyfiyyətlərinin araşdırılması yönündə hərtərəfli tədqiqat işi kimi meydana çıxıb. İnanıram ki, sadə üslubda yazılmış kitab füzulisevərlərin böyük marağına səbəb olacaq”.
   Tədbirdə kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və başqaları V.Almasovun elmi fəaliyyətindən danışdılar. Xanəndə, Əməkdar artist Zakir Əliyevin ifasında Füzulinin qəzəlləri səsləndirildi. Sonda müəllif nəşrin işıq üzü görməsinə kömək edənlərə və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
   Qeyd edək ki, V.Almasov Elmi-Texniki İnformasiya İnstitutunda və AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində böyük elmi işçi vəzifəsində çalışıb. Görmə qabiliyyəti məhdud olan alim əsl elm fədaisidir. Hazırda “Klassik Azərbaycan ədəbiyyatında kamil insan məsələsi (XIII-XVI əsrlər)” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
   
   İ.Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar