15 İyun – Milli Qurtuluş Günü münasibətilə sərgi açılıb
Məlik Məmmədxanov: “Bu şanlı tarixi tablolarda yaşatmaq mənim vətəndaşlıq borcumdur”
Pandemiya hələlik böyük mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verməsə də, müvafiq qaydalar çərçivəsində muzey və qalereyalar fəaliyyətlərini bərpa ediblər. Mədəni tədbirlər az-az gerçəkləşdiyi üçün bu günlərdə rəsm sərgilərinin təşkili sənətsevərlər tərəfindən xüsusi maraqla qarşılanır.
İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının dəstəyi ilə qurumun binasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Rəssamlar İttifaqının üzvü Məlik Məmmədxanovun "Zəfərin mübarək, Azərbaycan" adlı fərdi yaradıcılıq sərgisinin açılış mərasimi keçirildi.
Layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu sərgidə rəssamın Azərbaycan və Türkiyənin liderlərinin birgə portreti ilə yanaşı, 25 əsəri də nümayiş olunur.
Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra təşkilatçılar Elnurə və Aygün İsgəndərovalar qonaqları salamlayaraq bildirdi ki, xalqımız bu il Milli Qurtuluş Gününü başqa bir ab-hava ilə qarşılayır: “Vətən müharibəsində Qələbəmizə görə Ali Baş Komandanımıza, rəşadətli Ordumuza minnətdarıq. Bugünkü sərginin əsas səbəblərindən biri Azərbaycan və Türkiyənin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə portretinin təqdimatıdır. Rəssam bu əsəri Qarabağ Zəfərimizdən ilhamlanaraq yaradıb”.
Sərginin açılışında iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi Növber Ferid Veçhi, Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdilər. Diplomatlar Azərbaycanla mədəni əlaqələrdə rəssamların xüsusi rolunu vurğuladılar.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyətini qeyd edərək rəssamın fərdi üslubu və mövzulara müraciətinin özəlliklərindən söz açdı.
“Baku Art Gallery”in direktoru Eldəniz Babayev rəssamın yaradıcılığının sənətsevərlərə tanış olduğunu diqqətə çatdırdı: “Onun əsərləri insanların ürəyinə açardır. Rəssamın yaradıcılığında nar, xalça rəsmləri və dekorativ-tətbiq sənət nümunələri geniş yer tutur. Bu gün iki qardaş ölkənin prezidentlərinin portretinin ərsəyə gətirilməsi də əlamətdar hadisədir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəssamı təbrik edərək Qurtuluş Gününün Azərbaycan xalqının taleyində ən parlaq tarixlərdən biri olduğunu dedi. O, sərgilənən əsərlərin hər birində milli irsimizin əks olunduğunu, prezidentlərin birgə portretinin isə iki qardaş ölkənin dostluğunu nümayiş etdirdiyini dilə gətirdi.
Rəssam Məlik Məmmədxanov qonaqlara təşəkkür etdi. Bildirdi ki, 44 günlük Vətən müharibəsi zamanı incəsənət adamlarının da silahı onların bacarığı və istedadı idi: “Rəssam kimi fırçamla bu şanlı tarixi tablolarda yaşatmaq mənim vətəndaşlıq borcumdur. Biz də sözümüzü rənglərlə deməyə çalışdıq. 44 günlük müharibə günlərində Ali Baş Komandanın çıxışları, Türkiyənin dövlətinin bizə dəstəyi hər birimizdə ifadə edilməz hisslər yaratmışdı və bu önəmli bir mövzu idi. Hazırda Qarabağ mövzusunda maraqlı ideyalar üzərində çalışıram. Biz də sözümüzü sənətlə deyirik və bu yolda böyük fəxrlə çalışırıq”.
Daha sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgilənən hər bir əsər sanki bir hekayə nəql edir. Fırça ustasının yaradıcılığındakı milli xüsusiyyətlər, bənzərsiz işıq-kölgə effektləri və rəng əlvanlığı insanı valeh edir.
Sərginin əsas əsəri isə, sözsüz ki, Azərbaycan və Türkiyə prezidentlərinin birgə portretidir. Əsərdə iki qardaş xalqın, qardaş ölkənin çətin gündə birliyi tərənnüm olunub.
Abşeron torpağında doğulan rəssamın nar, körpə uşaq və balıq mövzusuna da münasibəti maraq doğurur. Həmin rəsmlərdə dünyanın ən məsum bəndəsi olan körpə təmizliyi, uşaq saflığı diqqəti cəlb edir. Balıq rəsmləri də baxımlı və gözoxşayandır. Ən başlıcası isə, natürmortlardakı rəng çalarları və uyğunluğu, işıq və millilik elementləri insanda xoş ovqat oyadır.
Qeyd edək ki, indiyədək dörd sərgisi təşkil edilən Məlik Məmmədxanovun əsərləri ölkəmizlə yanaşı, xaricdə də böyük maraqla qarşılanır.
Lalə AZƏRİ