Gənc nəslə Heydər Əliyev irsinin, onun Azərbaycan tarixində müstəsna xidmətlərinin geniş təbliğ olunması, həmçinin region gənclərinin yaradıcı qabiliyyətlərinin aşkarlanması və fərdi potensiallarının inkişaf etdirilməsi məqsədilə Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan “Azərbaycanın memarı” adlı regional yaradıcılıq müsabiqəsi yekunlaşıb.
15 iyun – Milli Qurtuluş Gününə həsr olunan müsabiqənin Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən final mərhələsində ayon (şəhər) mərhələsinin qalibləri iştirak ediblər.
Şeir və musiqi nominasiyaları üzrə təşkil edilən müsabiqənin qalibləri hər iki sənət sahəsi üzrə mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.
Yekun tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, 15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdiyini, ulu öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyətin inkişafını daima diqqətdə saxladığını vurğulayıb. İdarə rəisi tariximizin bu əlamətdar günü ilə əlaqədar keçirilən müsabiqədə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Sonra qaliblər fəxri fərman və hədiyyələrlə, digər iştirakçılar şəhadətnamələrlə təltif edilib.