Nizamiyə həsr edilmiş xalça eskizi müsabiqəsinin qalibləri məlum olub

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edib.

Beynəlxalq münsiflər heyəti tərəfindən 43 iştirakçı arasından iki nəfər – “Düşüncələr” adlı eskizin müəllifi, azərbaycanlı rəssam Eldar İbadullayev və “İntikalun” (ərəb dilindən tərcümədə “Keçid”) adlı eskizin müəllifi, Rusiyadan olan tekstil dizayneri Olqa Laşenko qalib seçilib.

Qeyd edək ki, müsabiqədə qalib olan müəlliflərin eskizləri əsasında Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq, həmçinin qaliblərə pul mükafatı veriləcək. Müsabiqənin qaliblərindən biri xarici vətəndaş olduğundan onun xalça kəsimi mərasimində iştirakı üçün yol və mehmanxana xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.