“İnanıram ki, gələcəkdə bu əsərlər əsasında serial və filmlər də ərsəyə gələcək”

 

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin oktyabrında elan olunan “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirin aparıcısı, Əməkdar artist Elşən Cəbrayılov müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, müsabiqəyə 321 əsər təqdim edilib. 53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərin 67-si esse janrı, 75-i hekayə janrı, 126-sı poeziya (nəzm) üzrə nümunələrdən ibarət olub.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov dedi ki, hamımız Azərbaycanın dövlətçilik tarixinin ən qürurverici hadisələrindən olan 44 günlük Vətən müharibəsinin şahidləriyik: “Vətən müharibəsi Azərbaycan dövlətinin güclü siyasi iradəsini, Azərbaycan xalqının xarakterini, milli maraqlarımız naminə dünya azərbaycanlılarının həmrəyliyini, Ordumuzun döyüş rəşadətini və Ali Baş Komandanın bu proseslərdə peşəkar liderliyini dünyaya nümayiş etdirdi”.

Nazir ölkə başçısı tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini vurğuladı: “Bir çox dövlətlərin siyasi, iqtisadi paytaxtları var, amma rəsmi formada mədəniyyət paytaxtı olan ölkələrin sayı azdır. Bu, Azərbaycan Prezidentinin mədəniyyətimizə göstərdiyi xüsusi diqqətin ən bariz nümunəsidir. Bu gün işğaldan azad olunmuş torpaqlarda intensiv formada aparılan bərpa-quruculuq işləri ilə yanaşı, mədəniyyətimizin, xalqımızın milli ruhunun həmin ərazilərə qaytarılması prosesi həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə sistemli tədbirlər görülür. Ölkə başçısının təşəbbüsü və ideyası əsasında Şuşa şəhərində may ayında “Xarıbülbül” festivalı keçirildi. Bu festival Azərbaycanın nə qədər multikultural və tolerant ölkə olduğunu bir daha nümayiş etdirdi”.

Mədəniyyət paytaxtı olan bu şəhərdə iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsini yüksək qiymətləndirən Anar Kərimov qeyd etdi ki, bu tarixi sənəd mühüm strateji mahiyyəti ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə, ümumilikdə regionda mədəni əlaqələrin inkişafına, sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək.

“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” haqqında söz açan nazir dedi ki, müsabiqə xalqımızda hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadətinin və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillər üçün II Qarabağ müharibəsi mövzusunda yeni bədii əsərlərin yaradılması məqsədilə təşkil olunmuşdu. Müsabiqəyə ölkəmizlə yanaşı, Türkiyədən 2, Rusiyadan 2, İrandan 1 nəfər əsər təqdim edib: “Mən qalib olan əsərlərlə tanış oldum və diqqətimi xüsusi bir məqam çəkdi. İndiyə qədər bu mövzuda yazılan ədəbi əsərlərdə Vətən həsrəti, nisgil, kədər tərənnüm olunurdusa, artıq bu əsərlərdə şücaət, məğrurluq, qürur və Zəfər hissi vəsf olunub. Əlbəttə ki, bu amil Vətən müharibəsində qazanılan şanlı Qələbənin yazarlarımızda yaratdığı qalib ruhla bağlıdır. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti Şuşa şəhərinin işğaldan azad olunması xəbərini xalqımıza çatdıran zaman Ordumuzun Vətən müharibəsində, məhz Şuşa şəhərinin azad olunmasında göstərdiyi qəhrəmanlığı xüsusilə qeyd etdi və bildirdi ki, gələcəkdə bu haqda hekayələr, romanlar yazılacaq. İnanıram ki, gələcəkdə bu qalib əsərlər əsasında serial və filmlər də ərsəyə gələcək”.

Anar Kərimov nazirliyin ənənəvi “Qızıl kəlmə” ədəbi mükafatının beynəlxalq təcrübəyə uyğun, sistemli proqrama əsaslanan yeni bir ədəbi mükafatla əvəzlənməsi üçün layihələndirmə prosesi aparıldığını da diqqətə çatdırdı. Bildirdi ki, bu işə yazarlardan gələn çoxsaylı müraciətlər nəzərə alınmaqla start verilib: “Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi də daha ciddi tərcümə proqramı ilə əvəz olunacaq. Bu proqram yazarlarımızın xarici dilli müsabiqələrə, geniş oxucu kontingenti olan coğrafiyalara çıxışını təmin edəcək. Bir daha müsabiqədə qalib gəlmiş hər bir şəxsi təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, müsabiqə komissiyasının üzvü Rəşad Məcid layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Komissiyanın üzvü, Nizami adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova Mədəniyyət Nazirliyinə ədəbiyyata və sözə verdiyi dəyərə görə təşəkkür etdi.

Çıxışlardan sonra bədii qiraət ustaları Xəzər Süleyman və Sabirə Abdullayeva qalib əsərlərdən parçalar səsləndirdilər.

Daha sonra qaliblərə mükafatlar təqdim edildi. Müsabiqənin “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500, “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olundu. “10-15 yaş arası uşaqlar” kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə birillik ödənişsiz ziyarət kartı hədiyyə edildi.

Hər üç kateqoriyada esse, hekayə və poeziya üzrə ümumilikdə 33 nəfər mükafatlandırıldı.

Qalib müəlliflərin siyahısını təqdim edirik:

 

“Peşəkar yaradıcı şəxslər” kateqoriyasında

 

Esse janrı üzrə

  • Ramil Əhməd - “Şuşaya məktub”
  • Mina Rəşid - “Vermərəm Qarabağı!”
  • Cəlil Cavanşir - “Nostalgiyanın sonu: Biz qayıdırıq”

 

Hekayə janrı üzrə

  • Fərhad Kərimli - “Bir qucaq torpaq”
  • Sevinc Nuruqızı - “Ölərəm dərdindən, onu bil!”
  • Təvəkkül Boysunar - “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”

 

Poeziya janrı üzrə

  • Balayar Sadiq - “Şəhid məktubu”
  • Akif Azalp - “Şəhid öygüsü”
  • Elçin Mirzəbəyli - “Azərbaycan əsgəri!”

 

“Həvəskar yaradıcı şəxslər” kateqoriyasında

 

Esse janrı üzrə

  • Müzəffər Müzəffərli - “Üzümüzü ağ edən Qarabağ”
  • Elgiz Abbasov - “Sen gedəli...”
  • Fidan Gözəlova - “Qarabağ Azərbaycandır!”

 

Hekayə janrı üzrə

  • Tural Azimzadeh - “Bozdar əfsanəsi”
  • Gülmirə Məmmədova - “Snayper”
  • Şəbnəm Türbəndəzadə - “Gopçu Mahir”

 

Poeziya janrı üzrə

  • Yusif Ərəbsoy - “Zəfər simvolu”
  • Mülayim Hümmətova - “Atalar və oğullar”
  • Qabil Əliyev - “Çoxdandı Qarabağa belə payız gəlmirdi”

 

“10-15 yaş arası uşaqlar” kateqoriyasında

 

Esse janrı üzrə

  • Dilbər Rəfi - “Qarabağdan namə”
  • Alpaslan Cahangir - “Qarabağdan namə”
  • İsmayıl Qululu - “Qarabağdan əsgər naməsi”
  • İsmayıl Miryusifzadə - “Qarabağ”
  • Zəhra Rzayeva - “Qarabağdan namə”

 

Hekayə janrı üzrə

  • Abdullah Hüseynli - “Kaş ki, yuxum çin olaydı”
  • Mömünəxatun Məmmədova - “Coşqun dəniz”
  • Aysu Əlisoy - “Nə gözəldir ölmək bizə sevgili Vətən üçün”
  • Ömər Məmmədzadə - “Sadəcə Elnur”
  • Səma Quliyeva - “Ana, zəfər bizimdir”

 

Poeziya janrı üzrə

  • Ayan Əlyarlı - “Şəkillərdən gördüyüm Qarabağ”
  • Nəzrin Cəlilova - “Gəlin gedək Qarabağa”
  • Sadiq Qəzənfərli - “Azəri oğlu”
  • Yeva Fərəcova - “Vətən”
  • Sevindik Əliyev - “Zəfərin nişanəsi”

Lalə AZƏRİ