Atalarımızın dost, dostluq məfhumları ilə bağlı xeyli gözəl deyimləri, məsəlləri var. Hərəsi də ayrı bir hikmət, həqiqət yüklü. Onların arasında yaşadığımız çətin məqamlarda sınaqdan keçirib, saf-çürük etdiyimiz dostlardan bəhs edən bir atalar sözümüz də var: “Dost dar gündə tanınar”.

Bəli, biz xalq, dövlət olaraq dostlarımızı, elə düşmənlərimizi də ölüm-dirim savaşı meydana atıldığımız məqamda bir daha tanıdıq...

İkinci Qarabağ müharibəsi dünyanın da gözü qarşısında tarixi Zəfərimizin isbatı olmaqla yanaşı, həm də bir xalq kimi məğrurluğumuzun möhtəşəm tablosu idi. Savaş meydanına ən müasir hərbi-texniki vasitələr, ən ağlagəlməz döyüş taktikaları ilə gedən ordunun ən böyük ümidi, ən etibarlı təminatı, təbii ki, ölümü gözə alan yüzlərlə, minlərlə igidi idi. Vətən şərəfini, millət təəssübünü çəkib onun uğrunda gözünü qırpmadan canını fəda edən ərənləri.

Bu dəfə adına dastanlar bağlanıb, əfsanələr qoşulacaq qürurlu, mərd və sınanmış Vətən oğullarından, yaş fərqlərinə baxmayaraq, əqidə, can dostu olan üç cəsur haqqında söz açacağam.

Savaş meydanının ayrı-ayrı cəbhələrinə bir-birindən xəbərdar yollanıb, bir-birindən xəbərsiz şəhadət vüsallı üç dost da var idi. Doğulduqları Cəlilabad rayonunun Alar kəndində əbədi məkan quran bu üç dost indi bütün mahalın qüruru, and yeri, ziyarət ünvanıdır.

***

Üçlüyün ilki, əslində, hərb və həyat yolu ilə özündən sonrakılara nümunə olan Ramin Hüseynağa oğlu Bayramovdur.

Ramin 8 oktyabr 1979-cu ildə Alar kəndində anadan olmuşdu. 1986-1996-cı illərdə kənd məktəbində orta təhsil alan qəhrəmanımız Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunudur. 2000-ci ildə – ali təhsilini başa vuran kimi həqiqi hərbi xidmətə yollanan R.Bayramov ordudan 2006-cı ilin 1 iyulunda baş leytenant rütbəsi ilə ehtiyata buraxılır.

Bu illər ərzində müxtəlif sahələrdə çalışaraq arzularını bir-bir həyata keçirən Raminin tək nisgili torpaqlarımızın hələ də yağı işğalında qalması idi. Xüsusən müharibədən öncəki son hadisələr onu özündən çıxarır və ora – qaynar nöqtəyə səsləyirdi. Tovuz hadisələrindən sonra dostuna göndərdiyi səs yazısında “Müharibə başlasaydı, biz də gedərdik. Adamın bağrı çatlayır. Heç olmasa, biz də qisasımızı alardıq”, – deyə qeyd edirdi. Yəqin elə bu tələskənliyinə görə idi ki, səfərbərlik elan olunan günü müvafiq komissarlığa yollanır və yaxınlarına da oradan birbaşa cəbhəyə gedəcəyini deyir. O, sentyabrın 28-də artıq ön cəbhədə idi. Yaxınları onun savaşın, qan-qadanın içinə deyil, sanki toy-düyünə gedirmiş kimi sevinclə, qürurla, tələsə-tələsə, həyəcanla getdiyini deyirlər.

Bölük komandiri vəzifəsini icra edən baş leytenant ən qaynar nöqtələrdə, ən ağır döyüşlərdə sona qədər vuruşur. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad edilməsi uğrunda böyük şücaət göstərir. O da döyüş yoldaşları kimi Şuşa, Cıdır düzü, İsa bulağı həyəcanı ilə irəli can atır. Sözün əsl mənasında, “Sonunu düşünən qəhrəman olmaz” prinsipi ilə qorxmadan, düşünmədən vuruşur.  Vətən müharibəsinin Zəfərlə başa çatmasına sayılı günlər qalarkən Qubadlı istiqamətində şəhadətə ucalır. Noyabrın 11-də Alar kəndində dəfn edilən şəhidimizin igidlik, cəsarət missiyasını Yusif və Yunus adlı iki oğlu və intizarlı gözləri yollardan yəqin heç vaxt yığılmayacaq qızı Nərmin davam etdirir.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan, uğrunda şəhadətə ucaldığı Vətənini canından çox sevdiyini ömürlük yaddaşımıza yazan şəhidimizin həyatı da yetişən nəsillər üçün bir örnəkdir.

***

Ramin kimi şərəfli yolla gedib, şəhadət məqamına ucalan igidlərdən biri də Talehdir. Taleyinə gənc yaşında şəhidlik yazılan, ürəyi sonsuz arzulara məskən Taleh.

Taleh Zaur oğlu Əlizadə 29 noyabr 1995-ci ildə anadan olub. 2002-2013-cü illərdə kənd orta məktəbində təhsil alıb. Uşaqlıqdan arzusu hərbçi olmaq, kəşfiyyatçı kimi işğal altındakı torpaqlarımızı görmək idi. Buna görə də həqiqi hərbi xidmətə çağırılarkən tərəddüdsüz kəşfiyyatçı olmaq niyyətini bildirir. Çevikliyi, cəsurluğu, iti zəkası sayəsində hərbi rəhbərliyi onun bu istəyinə biganə qalmır.

Qazaxdakı N saylı hissədə başlanan hərbi xidmət yolunu kəşfiyyatçı kimi uzaq hədəflərə yetirir. Təhlükəli, riskli işə baş qoyduğunu aydın dərk etdiyindən xidməti barədə məlumatı ailə üzvlərindən də gizlədir.

Sözünə sadiq, əməlində dürüst Talehin gələcəklə bağlı arzularının başında hərbçi kimi xidmətini davam etdirmək dururdu. Amma təəssüf ki, bu istəyinə çata bilmir. Atasının ağır xəstəliyə tutulduğunu biləndən sonra tərxis olunur və evə dönür.

Onun da ürəyi işğal altındakı torpaqlar üçün döyünür, kəşfiyyatçı kimi orduya çağırılacağı məqamı gözləyirdi. Bu arzusu, tələsdiyi bu istəyi 2020-ci ilin 21 sentyabrında reallaşır. Taleh də hərbi təlim məqsədilə ordu sıralarına çağırılır.

İntizarlı anasına, qürurlu atasına, kədərli xanımına təsəlli verə-verə, “Qorxmayın, erməni kimdir ki, qabağımızda at oynada? Gedəcəm, salamat da qayıdacam. Nəsə olsa da, ağlayıb-eləməyin, məni oğlum əvəz edər” deyib yola düşür.

Döyüş yolu Füzulidən başlayan Taleh ayağından yaralansa da, müalicəsi bitmədən yenidən ön cəbhəyə qayıdır. Ona “Yaralısan, hələ tam sağalmamısan” deyənlərə də “Orada mənim igid qardaşlarımın qanı axıdılır. Hər gün şəhid verə-verə bir kəndimizi, bir rayonumuzu azad edirik. Oturub burda ürəyimi partlada bilmərəm. Başa düşün, mən orda olmalıyam” deyib yenidən qanlı döyüş meydanına atılır. Oktyabrın 12-dən Cəbrayıl istiqamətində döyüşə girir və başından yaralanaraq şəhadətə yüksəlir.

Oktyabrın 20-də həyatının ən gözəl illərinin keçdiyi Alar torpağı ona yenidən qucaq açır və döyüşdən “Vətən uğrunda” medalı ilə dönən oğlu sayəsində bir az da müqəddəsləşir.

Şəhidin anası Lətifə xanımın yeganə arzusu oğlunun yadigarı Hüseynlə Talehin qanının töküldüyü Cəbrayıl torpağını qarış-qarış gəzmək, onun ayağının dəydiyi torpaqları öpüb qoxulamaqdır.

***

Alarlıların məzarını tər qızılgüllərlə bəzədiyi şəhidlərdən biri də Bilaldır. Cəbhəyə gülə-gülə, qalibiyyət üçün gedən, onu yola salmağa gələnlərə də “Qayıdacam, evdəkilər təkdi, başqa variantım yoxdu” əminliyi verən qorxmaz Bilal.

Bilal Novruz oğlu Rzayev 1997-ci ildə doğulub. 1 saylı Alar kənd orta məktəbində təhsil alan Bilalın gələcək planları, böyük arzuları var idi. Lakin atasının qəfil dünyasını dəyişməsi ilə o da arzularının üzərindən xətt çəkib ailənin – anasının, bacı-qardaşının yükünü kövrək çiyinlərinə çəkmişdi.

Həqiqi hərbi xidmətini bitirən kimi də yenidən məsul olduğu ailəsinin yanına qayıdır. Bir müddət işləyib köhnə bir avtomobil alaraq taksi xidməti ilə məşğul olur. Həyatını çətinliklə, məhrumiyyətlərlə də olsa, nizama salmağa, bacı-qardaşının qayğısına qalmağa başlayır. Bu dəfə də həyat onun arzularını, planlarını yarıda saxlayır.

Vətən savaşının başlanması ilə o da könüllü olaraq çox sevdiyi, anam dediyi ana yurdun düşmən tapdağından azad olunmasına qoşulur. Qorxmazlığı sayəsində o da qısa zamanda komandirlərinin, silahdaşlarının sevimlisinə çevrilir. Şux zarafatları, döyüşlərdən uğurla çıxmaq planları ilə həm özünə, həm də hər an ölümlə üz-üzə olan dostlarına ürək-dirək verməyə çalışırdı.

O da şəhadət şərbətini içənədək vuruşdu. Düşmənə aman verməmək üçün əlindən gələni etdi. Ruhu azad Vətənin səmasında azadə dolaşan Bilalın cismi doğma Alar torpağı ilə 24 noyabr 2020-ci ildə qovuşdu.

Şəhadətini “Vətən uğrunda” medalı ilə bəzəyən, onu tanıyanları əbədi kədərə boğan Bilaldan bizlərə qalan yeganə təsəlli azad Vətən torpağıdır...

Həmidə NİZAMİQIZI